Torpaq uğrunda ölən varsa Vətəndir. Necə gözəl səslənir elə deyilmi?
Hər birimizin bildiyi kimi Azərbaycanın ərazisi uzun müddət düşmən tapdağı altında qalmış, vəhşicəsinə talan edilmişdir. Erməni vandalizmi nəticəsində Azərbaycan xalqı öz doğma el-obasından zorla didərgin salınmış, zorakılıqlara məruz qalmışdır. Bir sıra tarixi abidələrimiz tamamilə məhv edilərək yerlə yeksan olmuşdur. Neçə-neçə qız-gəlinlərimiz Erməni təcavüzünə məruz qalmış, neçə igidlərimiz bu amansız vəhşiliklərə qarşı mübarizə apararkən canlarından-qanlarından olmuşlar.
Məhz bu vandalizm qarşısında xalq olaraq, millət olaraq düşmənə daim nifrət hissi duymuş bir gün mütləq o torpaqların yenidən bizə geri qaytarılacağına böyük inam bəsləmişik. Doğma diyarımız olan Qarabağ torpaqlarının geri qaytarmaq artıq bizim üçün namus, şərəf məsələsi olmuşdur. Yüzlərlə Şəhid olan, vəhşicəsinə öldürülən xalqımızın qisasının alınacağı günü daima səbirsizliklə gözləmişik.
Və nəhayət o gün gəlib çatdı…
Ermənistanın Azərbaycana qarşı olan təcavüzünün qarşısının alınması məqsədi ilə, 30 il düşmən tapdağı altında olan torpaqlarımızın geri qaytarılması üçün 27 sentyabrda bütün cəbhə boyu əks-hücum əməliyyatına keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı.
44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan ordusunun məğrur qələbəsi ilə başa çatdı. 44 gün ərzində özünü əyilməz-basılmaz sanan düşmən “Dəmir yumruq’ gücünə tab gətirməyərək öz mövqelərini tərk etdi. Prezident İlham Əliyevin dediyi kimi Azərbaycan xalqı 44 günlük “Vətən müharibə “si ərzində “Dəmir yumruq” kimi birləşdi. Həm Şanlı ordumuzun, həm də xalqımızın əzmi, iradəsi sayəsində Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhərində Azərbaycan bayrağı dalğalandı. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.
Bayaq qeyd etdiyim kimi “Torpaq uğrunda ölən varsa Vətəndir”
44 günlük “Vətən müharibə “si ərzində 2907 Azərbaycan hərbiçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 7 nəfər itkin düşmüşdür.
Sentyabrın 27-dən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilmişdir. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
Bu Şanlı Qələbə Vətənimin igidlərinin al qanı ilə tarixə silinməz olaraq yazıldı. Bu yazını artıq heç bir qüvvə silmək gücünə malik deyil. Torpağı Vətən edən İgidlərimizin canıdır. İgid əsgərlərimiz sayəsində Zəfər bayrağımız doğma diyarımızda dalğalanır.
Bəxtiyar Vahabzadənin də “Bayraq” şeirində dediyi kimi.
Harda əcdadımın ayaq izi var,
Bu zəfər bayrağım orda dikəlsin.
Keçdiyi yerlərdə dağlar yamaclar
Onun hüzuruna salama gəlsin.
İsmayılova Aygün / Nəsimi YAP-ın və Nəsimi İŞ fəal üzvü