Rusiya prezidenti Vladimir Putinə vətəndaşların 81 faizi etimad göstərir.
Elchi.az xəbər verir ki, bu nəticələr İctimai Rəy Fondu (FOM) tərəfindən sorğu məlumatlarına uyğun olaraq təqdim edilir.
Sorğu noyabrın 15-dən 17-dək Rusiyanın 53 regionunda 104 yaşayış məntəqəsindən 1,5 min rusiyalı arasında keçirilib. Məlum olub ki, vətəndaşların dövlət başçısı Vladimir Putinə inam səviyyəsi 81 faizdir, sorğuda iştirak edənlərin 82 faizi isə onun öz vəzifəsində yaxşı iş gördüyünə inanır.
Ruslar da ölkə hökumətinin işindən danışıblar. Sorğu iştirakçılarının 58 faizi hökumətin işini müsbət qiymətləndirib. Respondentlərin 61 faizi baş nazir Mixail Mişustinin yaxşı işlədiyini bildirib.
Bu arada, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsIOM) məlumatları rusların prezidentə etimad səviyyəsinin 78,8 faiz olduğunu göstərib. Sorğu noyabrın 11-dən 17-dək aparılıb. Putinin fəaliyyətinin bəyənilmə səviyyəsi 75,5 faiz təşkil edib. Respondentlərin 49,8 faizi Rusiya hökumətinin fəaliyyətini bəyənir.
Putinin ölkə vətəndaşları arasında yüksək reytinqə malik olmasını onun mətbuat katibi Dmitri Peskov gündəlik işinin nəticəsi ilə izah edib. “Bu, ilk növbədə, prezidentin hər gün gördüyü işlə bağlıdır – gündəlik, ağır, məsuliyyətli iş”, – Peskov qeyd edib.
Yeganə