Rusiya: 6 min 60 əsgərin cəsədini Ukraynaya çatdırdıq

🗓 16.06.2025 16:46 ✍️ "Elçi" qəzeti
Rusiya: 6 min 60 əsgərin cəsədini Ukraynaya çatdırdıq


Vladimir Medinski İstanbuldakı razılaşmalar çərçivəsində 6060 əsgərin cənazəsinin Ukraynaya təhvil verildiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Vladimir Medinski iyunun 2-də İstanbulda Türkiyənin ev sahibliyi etdiyi Rusiya və Ukrayna arasında aparılan danışıqlarla bağlı Telegram kanalında açıqlamalar verib.
Danışıqlarda əldə olunan razılaşmaların bəzilərini yerinə yetirdiklərini vurğulayan Medinski, "Rusiya İstanbulda verdiyi sözü yerinə yetirdi. Ümumilikdə 6060 əsgərin cənazəsi Ukrayna tərəfinə təhvil verildi. O tərəfdən (Ukrayna) 78 cəsəd götürüldü. Əsir dəyişdirmə prosesi davam edir. Cəbhədə ciddi yaralıların çatdırılması təmin edildi".
Ukrayna: "6057 ukraynalı əsgər və mülki şəxsin cəsədini aldıq"
Digər tərəfdən Ukraynalı Əsirlərin Müalicəsi Koordinasiya Mərkəzinin Telegram hesabından edilən yazılı açıqlamada Rusiyanın İstanbulda aparılan danışıqlarda əldə olunan razılaşmalara uyğun olaraq daha 1245 ukraynalının cəsədini Ukraynaya təhvil verdiyi bildirilib.
Rusiya ilə dəfn mübadiləsinin başa çatdığı bildirilən bəyanatda bunlar qeyd edilib:
"Bu gün İstanbulda razılaşmalara uyğun olaraq repatriasiya tədbirlərinin yekun mərhələsi həyata keçirilib. Rusiya tərəfinin məlumatına görə, Ukraynaya hərbi qulluqçular da daxil olmaqla, daha 1245 Ukrayna vətəndaşının meyiti qaytarılıb. Beləliklə, Ukrayna İstanbul razılaşmaları çərçivəsində 6057 cəsədi qəbul edib".
İyunun 2-də Türkiyənin ev sahibliyi ilə İstanbulda Rusiya ilə Ukrayna arasında keçirilən danışıqlarda 6 min Ukrayna əsgərinin dondurulmuş cəsədlərinin təhvil verilməsi, ağır xəstə və yaralı əsgərlərlə 25 yaşından kiçik əsir əsgərlərin dəyişdirilməsi ilə bağlı razılıq əldə edilib.

Nuranə Məmmədova

 

Bənzər yazılar