Konqoda daşqınlar və torpaq sürüşmələri 29 nəfərin həyatına son qoyub

Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 29 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, Konqo Demokratik Respublikasının Daxili İşlər Nazirliyinin sosial mediada paylaşdığı açıqlamada 2 gündür davam edən güclü yağışların 29 nəfərin ölümünə səbəb olduğu bildirilib.
Açıqlamada paytaxtın Nqaliema rayonu başda olmaqla səkkiz rayonda bir çox evin su altında qaldığı və infrastruktura ciddi ziyan dəydiyi açıqlanıb. Nazirlik qeyd edib ki, iyunun 15-də keçirilən böhran iclasında dəymiş ziyanın qiymətləndirilməsi üçün nazirliklərarası operativ qrup yaradılıb.
Yerli media paytaxtın bir çox məhəllələrində infrastruktura və evlərə ciddi ziyan dəydiyini, güclü yağışın səbəb olduğu daşqın və sürüşmə nəticəsində bir çox əsas yolların su altında qaldığını bildirib. Bölgədə güclü yağışların davam edəcəyi gözlənilir. Təxminən 18 milyon əhalisi olan Kinşasa qeyri-adekvat infrastruktur və zəif şəhər planlaması səbəbindən hər il tez-tez daşqınlardan əziyyət çəkir.
Nuranə Məmmədova