image-1658978266_levonbackend

Petrosyan ermənilərin xilaskarı ola bilərdi: Amma…

Mülki əhalimizə ballistik və qanadlı raket atan cinayətkarlar hörmət və ləyaqətdən deyil, məhbus həyatının milli xüsusiyyətlərindən danışmalıdır

Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, KTMT-nin keçmiş Baş katibi Yuri Xaçaturov İrəvanda keçən ay keçirilən mitinq zamanı verdiyi son açıqlamasında Ermənistanın ilk Prezidenti L.T.Petrosyanın istefası və erməni müxalifətinin məqsədlərinə dair maraqlı məqamlara toxunub.

Xaçaturovun sözlərinə görə, 1998-ci ildə hərbi kollegiyanın 6 üzvü arasında yeganə korpus komandiri olub. Kollegiya üzvlərini dəvət edən Petrosyan onlardan soruşub: “Qarabağın Azərbaycan tərkibində qalmasının tərəfdarısınız? Kim tərəfdarıdırsa, əlini qaldırsın”.

6 nəfərdən heç kim əlini qaldırmayıb. Sonra Petrosyan ikinci sualı verib: “Qarabağın müstəqil olmasının tərəfdarısınız?”. 6 nəfərin hamısı əlini qaldırıb. Bundan sonra Petrosyan “İndi mən nə etmək lazım olduğunu bilirəm”- deyərək uzaqlaşıb. Bundan iki saat sonra isə ölkə prezidenti Levon Ter-Petrosyan istefa verib.

Görünür, L.T.Petrosyan Ermənistanın Qarabağın Azərbaycandan qopardılmasının təhlükəli olduğunu, bununla ermənilərin hansı bəlalara məruz qalacağını beyinsiz 6 generaldan daha yaxşı təsəvvür edirdi. Artıq neçənci dəfədir ki, Ermənistanda “ağıl ağıldan üstündür” məsəli təsdiqini tapmır.
Mitinqdəki çıxışında general Xaçaturov əlavə olaraq bildirib ki, müxalifət komandası müharibə istəmir, amma Ermənistan dövlətinə hörmət tələb edir. Əslində normal tələbdir. Hər bir dövlət rəsmisi bu tələblə çıxış edə bilər. Amma əvvəlcə bu tələbi irəli sürən dövlət və onun nümayəndələri güzgüdə özünə baxmalıdır.

Təbii ki, müharibədən sonra ləyaqətli düşmən ölkəyə müəyyən güzəşt oluna bilər, onun hörməti də saxlanıla bilər. 30 il darmadağın etdikləri ərazilərimizdən mümkün olan hər şeyi daşıyıb qonşu ölkələrə satanlar, əlləri hər yerdən üzüləndə “müharibə istəmirik” deyirlər. Amma iki il əvvəl başqa tonda bəyanatlar eşidirdik. Çünki, “müharibə istəməyənlər” yaxşı anlayırlar ki, erməni ordusu artıq yox səviyyəsindədir, Azərbaycan Əsgəri bu ordunu darmadağın edərək “son model fərari ordusu”na çevirib. Erməni ordusunun özünə gəlməsi və dizi üstdən qalxması isə yaxın illərdə mümkün deyil. Buna görə də bir neçə il əvvələ qədər Azərbaycanın ünvanına hədələr səsləndirən general Yuri Xaçaturov Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olanda deyirdi ki, Rusiya onları Azərbaycandan müdafiə edəcək. Кollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının baş katibinin vəzifəsini daşıyanda isə Xaçaturov səlahiyyətindən sui-istifadə edərək Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı təşkilatın mandatından kənar açıqlamalarını da xatırlayırıq.

Beləliklə vəzifədə olanda Ermənistan xalqının başının altına yastıq qoyan Xaçaturov, indi də onu yüksək vəzifələrə təyin edən Koçəryanın xalqa açıq deyə bilmədiyi tezisləri səsləndirməklə Rubenin işinə yaramağa çalışır. 2008-ci il 1-2 mart tarixlərində İrəvan şəhərində baş vermiş hadisələrdə Yuri Xaçaturovun rolunu hamı yaxşı xatırlayır. Yuri Xaçaturov 2008-ci ildə Yerevan qarnizonunun rəisi idi. O, həmin ilin martında prezident seçkilərinin nəticələrinə etiraz edən kütləyə qarşı ordu qüvvələrindən “Qarabağ klanı”nın maraqlarında istifadə edilməsi üçün əmr vermişdi. Köçəryan və Sarkisyan komandasının etibarlı kadrı sayılan Q.Xaçaturov buna görə 2018-ci ildə həbs olunsa da, sonradan Rusiyanın təzyiqləri ilə azadlığa buraxılmışdı.

Y.Xaçaturovun oğlu general-mayor Qriqori Xaçaturovun 2016-cı il Aprel hadisələrindən sonra erməni ordusunun 3-cü korpusuna komandir təyin edilmişdi. Azərbaycan-Ermənistan sərhəddinin Qazax rayonunundan Daşkəsən rayonuna qədər olan istiqamətə nəzarət edən birliyin komandiri Q.Xaçaturov dəfələrlə Qazax-Tovuz rayonları istiqamətində gərgin situasiya yaratmış, yaşayış məntəqələrinə atəşi intensivləşdirmiş, sonda isə Tovuz hadisələrini alovlandırmışdı.

2016-cı ildən Tovuz hadisələrinə qədər qərb rayonlarımız istiqamətində baş verən çoxsaylı təxribat-diversiya cəhdləri, yaşayış məntəqələrinin intensiv atəşə tutulması məhz Qriqori Xaçaturovun adı ilə bağlıdır.

Azərbaycana qarşı fasiləsiz fəaliyyətlərin həyata keçirilməsinə rəhbərlik edən Xaçaturov ailəsinin ən yaşlı nümayəndəsi bu gün müharibə istəmədiklərini bəyan edirlər. Müharibə istəməyən Xaçaturov nədən 2 il əvvələ qədər Azərbaycanı davamlı təhdid edirdi? Yuri vaxtilə həm də xidməti tabeliyində olan oğlu Qriqorini Azərbaycana qarşı əməllərdən nədən çəkindirmirdi? Odur ki, Xaçaturovun səsləndirdiyi son bəyanat erməni xalqının Köçəryan-Sarkisyan cütlüyü tərəfindən çıxarılmış gözünə kül üfürməkdən başqa bir şey deyil.
Görünən odur ki, daha əvvəl Ermənistanda konstitusiyalı hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunan Xaçaturov-Koçəryan cütlüyü növbəti dəfə erməni xalqını daha böyük bəlalara düçar etmək üçün imkanlarını birləşdirirlər. Bu onların və erməni xalqının daxili işidir. Amma Azərbaycanın işğal edilən ərazilərində erməni silahlılarının törətdikləri cinayətlərə rəhbərlik edən Xaçaturov və onun kimilər, Azərbaycandan hörmət və ləyaqət gözlənilməsi barədə mövzulara toxunmalı deyil. Xocalı və digər soyqırım faciələrini törədənlər, Azərbaycanlı olduğuna azyaşlı qızın dərisini soyanlar, Gəncədə 2 yaşlı körpəni atəşə tutanlar, mülki əhalimizə ballistik və qanadlı raket atan cinayətkarlar hörmət və ləyaqətdən deyil, məhbus həyatının milli xüsusiyyətlərindən danışmalıdır.

Ədalət Verdiyev, hərbi ekspert

moderator.az

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki