image-0000backend

Moskva tərəddüd edir: Rusiya Gürcüstanda niyə geri çəkildi? 

“Qondarma Cənubi Osetiyada referendumun ləğvi Rusiyanın qərarıdır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri deyib.

O, separatçı Cənubi Osetiyada keçirilən “prezident seçkiləri”ndən sonra “hakimiyyətə”ə gələn yeni “prezident” Alan Qaqloyevin Rusiya ilə birləşmək üçün iyunda baş tutması gözlənilən referendumun ləğv etməsini şərh edib:

“Rusiya Gürcüstan Rusiyanın əleyhinə hər hansı bir addım atmağa qərar vermədi. Çünki Gürcüstan Rusiya ilə sövdələşməyə meyillənib özünü qorumağa çalışdı. Gürcüstanın indiki hökuməti, yəni milyarder Bidzina İvanişvilinin idarə etdiyi hökumət Rusiya ilə münasibətləri korlamaq siyasətini irəli sürməyib. Ancaq separatçı rejimlərin mövcud olduğu Abxaziya və Cənubi Osetiyanın azad edilməsi siyasətindən də vaz keçməyib”.

Natiq Mirinin sözlərinə görə, əslində, Rusiya-Gürcüstan münasibətlərinin soyuq olmasına əsas təsir edən amillərdən də biri budur:

“Yəni Mixeil Saakaşvili siyasətinin bu yöndə və başqa formatda davam etdiyini demək olar. Lakin Qərbin tətbiq etdiyi sanksiyalarda Gürcüstan iştirak etmir. Gürcüstan hökuməti isə bunu özünü qorumaq məqsədilə etdiyini deyir.

Düşünmürəm ki, Gürcüstan indiki məqamda Cənubi Osetiya və Abxaziyadan imtina edib. Bunu etmiş olsa, “Gürcü arzusu” hökumətinin iqtidarda qalma potensialı tükənəcək. Çünki iqtidar az-çox gürcülərə hələ də bu yöndə müəyyən “nağıllar”ı söyləyir”.

N. Miri əlavə edib:

“Sadəcə, indiki vəziyyətdə Gürcüstan gözləmə mövqeyi tutur. Çünki Rusiyanın Ukraynadan məğlub durumda çıxdığı təqdirdə, Gürcüstanın Qərbə yönəlik inteqrasiya siyasəti davam edəcək. Yox, əgər Rusiya bu müharibədə istəyinə nail ola bilsə, əlbəttə, Kremllə anlaşmağa çalışacaq.

Moskvada indiki vəziyyətdə Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi məsələsini müvəqqəti təxirə salmaqla, Qərb dünyası ilə sövdələşməyə getmək istəyir. Bu gün də həmin istiqamətdə konkret addımlar atılır. Rusiyanın təklifi var ki, qlobal aclığı aradan qaldırmaq üçün Qara dənizdəki blokadanı götürə bilər. Bir şərtlə ki, Rusiyaya tətbiq olunan iqtisadi sanksiyalar ləğv olunsun, Ukraynanın şərq və cənub əraziləri Rusiya ərazisi kimi tanınsın. Artıq Qərb dünyasında, xüsusən də Aİ-də bəzi fikir haçalanmaları var”.

Siyasi şərhçi əmindir ki, Rusiya kəskin addımlar atmaqdan çəkinməyə çalışır:

“Cənubi Osetiya kimi qondarma və separatçı rejimlərin Rusiyaya birləşdirilməsi ilə bağlı referendumun təxirə salınması da bununla bağlıdır. Yəni qondarma Cənubi Osetiyada referendumla bağlı yeni qərar Rusiyanın qərarıdır”.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki