Şotlandiyanın “Briqadun” əfsanəsində sehrli bir kənd var. Bu kənd hər yüz ildən bir görünür, digər vaxtlarda xarici dünyaya məlum deyil. Bunun kimi Cənub-Şərqi Avropada dünyanın diqqətini çəkən kiçik bir ölkə var. O, güclü deyil, əslində Avropanın ən kasıb dövlətlərindən biridir, lakin Moldovanın Avropa və onun hüdudlarından kənarda böyük əhəmiyyəti var. Moldova öz tarixinə görə Rusiyanın gücünün göstəricisi olub və bir çoxları üçün o, qonşusunun taleyində növbəti sırada duran mini-Ukrayna kimi görünür. Əfsanəvi “Briqadun” kimi, müasir Moldova da kənardan təhlükə altındadır.
Moldova kimi tanınan bölgə XIX əsrə qədər Osmanlı İmperiyasının tərkibində idi. Lakin oradakı insanların böyük əksəriyyəti pravoslav idilər və bilavasitə latın mənşəli (kiril hərfləri ilə yazılmış) bir dildə danışırdılar. Son iki əsrdə bu torpaqlar parçalandı və Rusiya ilə onun düşmənləri, adətən başqa imperiyalar arasında bölüşdürüldü.
1812-ci ildə Rusiya-Türkiyə müharibəsindən sonra, ümumiyyətlə Bessarabiya adlanan hissələr Çar imperiyasına verildi. Daha sonra Rusiya 1856-cı ildə Krım müharibəsində məğlub olduqdan sonra onlar geri qaytarıldı. Tezliklə Moldaviya və Valaxiyanın iki yarımmüstəqil knyazlığı bütün imperiyaları alt-üst etdi, eyni lideri seçdi və müasir Rumıniyanı yaratdı. Sonra, 1877-78-ci illərdə türklərə qarşı növbəti müharibədən sonra Rusiya İmperiyası Bessarabiyanı yenidən Rusiyaya qaytardı, burada kiril əlifbasını yenidən tətbiq etdi və rumın dilindən istifadəni dayandırdı.
Birinci Dünya Müharibəsi Rusiya İmperiyasının parçalanmasına səbəb oldu və Rumıniya Müttəfiqlər tərəfində müharibəyə qoşulduğundan Bessarabiyanı (Bukovina və Transilvaniya ilə birlikdə) əldə edə bildi. Müharibədən geri çəkilmiş və özünün sosial sarsıntıları içində sarsılmış yeni qurulmuş Sovet İttifaqı o vaxt SSRİ daxilində Moldova Muxtar Respublikasının yaradılmasına dəstək göstərməkdən başqa heç nə edə bilmədi.
Tezliklə keçmiş itkiləri geri qaytarmaq üçün fürsət yarandı. İosif Stalin 1939-cu ildə faşist Almaniyası ilə bədnam Molotov-Ribbentrop paktının gizli maddələrinə əsasən əraziləri geri almağa başladı. Moldova yenidən Rusiyanın tabeçiliyinə qayıtdı və yeni Moldova Sovet Sosialist Respublikası yarandı. Müharibədən sonrakı yeni ərazinin ələ keçirilməsi zamanı sovet liderləri əhalini qorxutmaq üçün həbslərdən, deportasiyalardan və aclıqdan istifadə edirdilər. Etnik həmrəyliyin qarşısını almaq üçün kiril əlifbası ilə yazılmış “moldav dili” rəsmi dilə çevrildi. Sovet liderləri bölgəni etnik ruslar və rusdilli məmurlarla müstəmləkəyə çevirdilər və rumın kimliyinə dair iddiaların qarşısını sərt şəkildə aldılar. Bu respublikanın həm dili, həm də əhalisi sərhədin o tayında rumınlardan fərqli olaraq etiketləndi.
Lakin “Briqadun” əfsanəsinin nümayiş etdirdiyi kimi, milli istəklər səssiz olsa da, yenə də üzə çıxa bilər. 1980-ci illərin sonunda Mixail Qorbaçov tərəfindən həyata keçirilən islahatlara əsasən Moldovada latınlaşdırılmış qrafikanın və beləliklə, Moldova/Rumın kimliyinin qaytarılması tələbləri güclü idi. Dəyişiklik 1989-cu ildə qəbul edildi, lakin ümumən əhalinin təxminən 30 faizini təşkil edən bəzi ukraynalılar, ruslar və qaqauzlar arasında həyəcan təbili çaldı. Sonra, SSRİ dağılanda və Moldova müstəqil dövlət kimi meydana çıxanda (1991), bu qeyri-rumınların çoxu statuslarını itirməkdən və ya daha da pisi, yeni dövlətin Rumıniyaya daxil olmasından qorxurdular.
Demək olar ki, ittifaqın dağılmasından fərhal spnra Moldova separatizm ilə üzləşdi. 1992-ci ildə baş verən qısa müharibə Moldovanın şərqində Dnestryanı adlı separaçı qurum yaradıldı. Müharibə təxminən 1500 rus “sülhməramlı” qüvvələrinin bölgədə yerləşdirilməsi ilə başa çatdı. Onlar hələ də oradadırlar.
Mini-Ukrayna?
İlk baxışdan, seperatçı bölgə Moldovanı “mini-Ukrayna”ya çevirəcək və beləliklə, Kişinyov Vladimir Putinin yeni imperiyasına yenidən daxil olmaq üçün növbəti sırada olacaq. Ukrayna kimi Moldova da yenidir, müstəqil ölkə kimi heç vaxt mövcud olmayıb və onilliklərini sovet respublikası kimi keçirib. Ukraynada olduğu kimi, Moldova mərkəzi hökuməti öz ərazisinin bir hissəsini faktiki olaraq idarə etmir. Ölkə əhalisinin (təxminən 2,6 milyon) dörddə üçü moldovalılar/rumınlardır, lakin Dnestryanıda əhalinin (təxminən 500,000) təqribən üçdə biri ruslar və dörddə biri ukraynalıdırlar. Orada rus dili əsas dildir.
Ukrayna kimi Moldova da Avropa İttifaqına üzv olmaq arzusundadır. Ukrayna 2014-cü ildə Brüssellə Dərin və Hərtərəfli Ticarət Paktı imzaladı və bu il qoşulmaq üçün rəsmi müraciət etdi. Həmçinin, Ukrayna kimi, lakin daha az perspektivli iqtisadi şəraitdə Moldova demokratiyanı qoruyub saxlayıb. “Freedom House”un məlumatına görə, Moldovanın ümumi demokratiya indeksi üzrə reytinqi Ukrayna istisna olmaqla, demək olar ki, Aİ üzvü olmayan bütün keçmiş sovet dövlətlərindən xeyli üstündür.
Putini ən çox qorxudan, təbii ki, Ukraynada olduğu kimi, məhz bu demokratik uğurdur. Lakin Ukraynadan fərqli olaraq, Putin moldovalılarla etnik yaxınlığı (yaxud dominantlığı) iddia edə bilməz. Moldova Rusiya ilə ortaq sərhədi paylaşmır və ölkənin həm etnik xarici “referent” ölkəsi, NATO və Aİ üzvü Rumıniya var. Hər dörd moldovalıdan birinin Rumıniya pasportu var.
Ukraynada olduğu kimi, son on ildə Qərbin iqtisadi təsiri artıb. Aİ ölkənin ən böyük ticarət tərəfdaşı və ən böyük investorudur. Moldovalılar, o cümlədən Dnestryanıdan olanlar Aİ-yə vizasız gedə bilərlər. Ən son prezident (2020) və parlament (2021) seçkiləri Aİ tərəfdarı olan namizədlərə uğur gətirdi və ictimai rəy sorğuları Aİ üzvlüyünü güclü şəkildə dəstəkləyir. Ukraynadakı müharibənin, o cümlədən yarım milyona yaxın qaçqının və əlaqədar blokadaların kritik iqtisadi nəticələri ilə üzləşən Moldova Brüsseldən 200 milyon avrodan çox yardım alıb.
Aİ ilə olan hekayə NATO ilə keçərli deyil. Moldovanın təşkilata üzv olmaq şansı Ukraynadan da azdır. Ukraynadan fərqli olaraq, ölkə konstitusiyası neytrallığı tələb edir. Son müharibədən əvvəl sorğular ölkənin beşdə birindən azının NATO-ya qoşulmağa üstünlük verdiyini göstərdi, bu rəqəm əhəmiyyətli dərəcədə artmayıb. NATO formal olaraq yeni üzvlər üçün açıq olsa da, 2008-ci ildə Gürcüstan və Ukraynaya verilən ümidverici bəyannaməyə Moldova daxil deyildi. Hərbi baxımdan ölkə NATO-ya heç bir üstünlük vermir. Onun kiçik ordusu zəif təchiz olunub, habelə Polşa və Rumıniya Ukrayna ilə daha əhəmiyyətli quru və dəniz sərhədləri təmin edir.
Buna baxmayaraq, NATO və Qərb üçün Rusiyanın Moldovada ərazi planlarının qarşısının alınması vacib olardı. Bir rus generalı Ukraynanın cənubunun alınmasının “Dnestryanı üçün çıxış yolu” olacağını bildirəndə və daha sonra burada rusdillilərin sıxışdırıldığını iddia edəndə siyasətçilər onlara xüsusi diqqət yetirməyə başladılar. Bu təbliğatı aparan təşkilatlar Moldova prezidenti Maia Sanduya nasist damğası vurdular. Bu kimi iddialar Ukraynanın Donbas bölgəsi ilə bağlı səsləndirilənləri xatırladır. Bu iddialar, Tiraspolda baş verən son açıqlanmayan partlayışlarla yanaşı, Rusiyanın müdaxiləsi üçün mümkün bəhanələr gətirə bilər. Hərbi cəhətdən Moskvanın Dnestryanı üzərində nəzarəti Rusiyanın Ukraynanın cənubundakı mövqeyindən əhəmiyyətli dərəcədə faydalanacaq və oradakı əsas hədəfi, 40 mil uzaqlıqdakı Odessanı daha həssas edəcək. Bütün ölkəni ələ keçirmək Rumıniya ilə 400 millik bir sərhəd yaradacaq.
Hələlik isə Moldovaya hərbi təhlükənin olması qeyri-mümkün görünür. Birincisi, rusların Ukraynada həyata keçirə bilməyəcəyi çox çox şey var. Onlar ölkə daxilində böyük konsentrasiyalı qoşunları effektiv məqsədə çatdırmaq qabiliyyətini nümayiş etdirməyiblər və Ukraynadan fərqli olaraq, Rusiyanın Moldova ilə ümumi sərhədi yoxdur. Orada 1500-ə yaxın rus hərbçisi var, əhali Rusiya pasportlarına malik yerli sakinlərdir. Nə Moldovada, nə də Dnestryanıda rəhbərlik Ukraynada müşahidə olunan qanlı daxili münaqişəni təkrarlamağa həvəsli görünmür.
Yenə də Moldova kiçikdir, yoxsuldur və Rusiyanın iqtisadi təzyiqlərinə həssasdır. Ölkə enerji ehtiyacının böyük hissəsini Rusiyanın “Qazprom” şirkətinin qazı hesabına ödəyir. Bu, ölkənin əsas elektrik generatorunun yerləşdiyi Dnestryanıya faktiki olaraq pulsuz verilir, lakin Moldovanın özünə davamlı olaraq artan qiymətə satılır. Digər təchizatçılar axtarmaq üçün bəzi səylər göstərilsə də, qonşuluqdakı müharibə bu imkanları məhdudlaşdırdı. Ölkənin ÜDM-nin 16 faizindən çoxunu təmin edən pul köçürmələri müharibə başlayandan bəri azalıb. Dünya Bankı bu il faktiki olaraq artım proqnozlaşdırmır.
Gələcək?
Yüz ildə bir dəfə olan “Briqadun” kimi, müstəqil, demokratik Moldovanın otuz illik mövcudluğu konkretdən daha çox simvolik əhəmiyyət kəsb edir. Keçmişini, heterojen quruluşunu, zəif iqtisadi irsini və təlatümlü bir məhəllədə yerləşməsini nəzərə alsaq, onun dözümlülüyü möcüzəvi bir şeydir. Gələcəkdə necə görünəcəyi, böyük ölçüdə onu əhatə edən qüvvələrdən asılıdır. O mifik kənd kimi, müasir Moldova da cəsarət və təxəyyülün nələr yarada biləcəyinə bir nümunədir.Ordu.az