“İsrail səfirinin “Təbrizin sehirli nağılları” kitabı ilə bağlı paylaşımı bir səfir olaraq onun şəxsi məsələsədir. Bu paylaşıma İranın Azərbaycandakı səfirinin reaksiyası qeyri-adekvat, təhdidkar və qeyri-diplomatik oldu. İran səfiri burada bir yanlışlığa yol verdi. Bundan sonra İsrail səfirinin paylaşımı sanki bir trendə çevrildi. Bununla bağlı bütün dünyada artıq paylaşımlar gedir. Hətta bu kitab İtalya prezidentinə belə təqdim olunur. İranda İslam İnqilabından sonra İsraillə münasibətlər kifayət qədər gərgindir. İranın dini rejiminin konkret hədəfi İsrailin bir dövlət kimi mövcudluğuna son qoymaqdır. Bunun üçün Fələstin məsələsini bəhanə edir”.
Bunu Bakupost.az -a açıqlamasında politoloq Oktay Qasımov deyib.
Politoloq baş verənlərdən sonra İranın Azərbaycanadakı səfirinin Tehrana çağırılmasına da münasibət bildirib:

“İran səfirinin Tehrana çağırılması ilə bağlı artıq bir neçə gündür məlumatlar var. Qeyd olunur ki, İranın Xarici İşlər naziri Azərbaycandakı səfiri məsləhətləşmək üçün Tehrana dəvət edib. Orada ona konkret tapşırıqlar verilir. Rəsmi məlumatda İran Azərbaycanla münasibətlərin hərtərəfli inkişafında maraqlı olduğunu bildirir. Bununla bağlı səfirə də konkret tapşırıqlar verildiyi qeyd olunub. Adətən, diplomatik praktikada qayda bundan ibarətdir ki, əgər səfir hansısa bir məsələ ilə bağlı öz ölkəsinə məsləhətləşməyə çağırılırsa, bu o deməkdir ki, böyük bir hadisə baş verib. Yaxud hansısa bir siyasətdə dəyişiklik etmək lazımdır. Ən azı bir neçə fakt var ki, bunlar bizi fərlqi düşünməyə vadar edir. Bunlardan birincisi Səfəvilərin tarixilə bağlıdır. Bundan başqa, İrandan zaman-zaman Azərbaycana qarşı yönələn təhdidkar, qeyri-dost, daha çox düşmənçilik mövqeydində olan açıqlamaları qeyd edə bilərik”.
O.Qasımov Tehranda Türkiyə, Rusiya və İran arasında üçtərəfli görüş haqqında da danışıb:
“İyulun 18-də Tehranda Türkiyə, Rusiya və İran rəhbərlərinin iştirakı ilə keçirilən sammit zamanı İranın düşmənçilik mövqeyinin şahidi olduq. Belə ki, İranın dini liderinin görüşdən əvvəl və sonrakı açıqlamalarında həm Türkiyə, həm də Azərbaycana qarşı fikirlər vardı. Məsələn, Türkiyənin Suriyada keçirmək istədiyi anti-terror əməliyyatlarına qarşı konkret mövqe var ki, bu cür hərəkətlər bölgədə sülhə və sabitliyə zərər verəcək, heç bir faydası olmayacaq. İran Türkiyəni bundan çəkinməyə çağırdı. Bu o deməkdir ki, İran Suriyada Türkiyənin öz təhlükəsizliyi üçün hansısa addımlar atmasına mane olmağa çalışır. O zaman sual oluna bilər: əcəba, necə olir ki, İran özündən min kilometr aralı olan Suriyada on minlərlə hərbçisini yerləşdirir, hərbi əməliyyatlar aparır, özünə yaxın terror təşkilatlarını dəstəkləyir, amma nədən Türkiyənin dövlət və təhlükəsizlik maraqlarını nəzərə alınmır?!”
Politoloq İran tərəfinin Zəngəzur dəhlizilə bağlı açıqlamasının da yanlış olduğunu diqqətə çatdırıb:
“İran tərəfinin Zəngəzur dəhlizilə bağlı fikirləri tamamilə absurddir. Çünki Azərbaycan Ermənistanla üçtərəfli bəyənat imzalayarkən, İrəvan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərdən biri 10 noyabr anlaşmasının 9-cu maddəsi, yəni Zəngəzur dəhlizinin açılması məsələsidir. Laçın yolundan ermənilər maneəsiz istifadə edirlər, amma eyni qayda Azərbaycana tətbiq olunmayıb. Buna görə də Azərbaycan Ermənistanıdan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyi tələb edir. Bunun yerinə yetirilməməsinin hansı nəticələrə gətirəcəyi də açıq-aydın görünür. Guya İranla Ermənistan arasında kommunikasiya məsələsi mövcud imiş və bu sərhəd bağlanacaqmış. Zəngəzur vilayəti Rusiya tərəfindən 1920-ci il dekabrın 1-də Ermənistana verilib. Ermənistan dövlətinin tarixi isə 100 ildir. Burada minillikdən söhbət gedə bilməz. İkinci məsələ dəhlizin açılmasının İrana heç bir aidiyyatı yoxdur. Sadəcə olaraq, İranın burada iki məqsədi var. Birincisi, İran dövləti ümumiyyətlə, Azərbaycan dövlətinin mövcudluğunu özü üçün təhdid hesab edir. İranın şimalında dünyəvi, demokratik və varlı bir dövlətinin olmasından narahatdırlar. İkincisi, İran hesab edir ki, son dövrdə xüsusilə Rusiyanin Ukrayna təcavüzündən sonra Asiyadan Avropaya yükdaşımalarda Azərbaycan önəmli bir qovşağa çevrilib. Azərbaycanın həm yerləşdiyi coğrafi və geostrateji mövqeyi, o cümlədən hazır, müasir kommunikasiyalar sistemi bu daşınmaların Azərbaycan üzərindən həyata keçirilməsinə imkan verir. İran da bunu istəmir. İran hesab edir ki, bu yüklərin böyük əksəriyyəti onun ərazisindən daşınmalıdır. Amma nəzərə almır ki, İran ərazisində hazır kommunikasiya xətləri yoxdur. İran bu işlə məşğul olsaydı, ən azı 5-6 ildir gündəmdə olan Şimal-Cənub dəhlizi çərçivəsində Astara-Rəşt dəmiryolunu bərpa edərdi. Hətta bu işin görülməsi üçün Azərbaycan İrana 500 milyon dollar güzəştli kredit də verib”.