Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas hesab edir ki, Avropanın iştirakı olmadan Ukrayna nizamlanmasına dair razılaşma əldə oluna bilməz.
Elchi.az xəbər verir ki, “Corriere della Sera” qəzetinə müsahibəsində o, həmçinin bildirib ki, Aİ-nin Ukraynaya yardımı xeyriyyəçilik deyil.
“Bu müharibə Avropada gedir, bu, Ukraynaya aiddir, həm də Avropaya aiddir və real sülhə nail olmaq üçün Avropanın iştirakı lazımdır. Aİ-nin iştirakı olmadan heç bir razılaşma görmürəm”, – deyə o bildirib.
“Bizim üçün Ukraynaya kömək etmək xeyriyyəçilik demək deyil, ona görə də biz öz təhlükəsizliyimiz üçün sərmayə qoyuruq”, – siyasətçi qeyd edib.
ABŞ prezidenti Donald Tramp daha əvvəl Ukrayna münaqişəsinin nizamlanması üzrə razılaşmaların “çox da uzaq olmayan gələcəkdə” əldə olunacağına ümid etdiyini bildirib. Qərb mediasında Ukrayna nizamlanmasının Avropa istisna olmaqla, Rusiya Federasiyası və ABŞ liderləri arasında ikitərəfli əsasda müzakirə ediləcəyi və Kiyevin rəsmi şəkildə iştirak edəcəyi ilə bağlı fikirlər artır.
Yeganə