Boko Haram terror təşkilatının Nigeriyanın şimal-şərqindəki Borno əyalətində həyata keçirdiyi hücumda 5 əsgər həyatını itirib.
Elchi.az xəbər verir ki, Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Müdiri Edvard Buba verdiyi yazılı açıqlamada Borno əyalətinin Qubio bölgəsində sabitlik əməliyyatları və müdafiə bölgəsində yerləşdirilən əsgərlərin Boko Haram tərəfindən hücuma məruz qaldığını bildirib.
Buba hücumda 5 əsgərin həyatını itirdiyini, 10 əsgərin yaralandığını, 4 əsgərin isə itkin düşdüyünü bildirib.
Hücumdan sonra əsgərlərin terrorçulara qarşı həyata keçirdiyi əməliyyatda çox sayda terrorçunun zərərsizləşdirildiyini bildirən Buba, terrorçulara aid silah maşını və mühüm sursatların ələ keçirildiyi barədə məlumat paylaşıb.
Digər tərəfdən, milli mətbuatda yer alan xəbərlərdə hücumda 20 əsgərin həyatını itirdiyi iddia edilib.
2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan Boko Haramın 2009-cu ildən bu yana həyata keçirdiyi kütləvi terror aktlarında on minlərlə insan həyatını itirib.
Ölkədə baş verən terror aktları və münaqişələr səbəbindən yüz minlərlə insan miqrasiya etməli olub.
Boko Haram terror təşkilatı 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir. Təşkilatın Çad gölü hövzəsindəki hücumlarında ən az 2 min adam həyatını itirib.
Şayəstə Hüseynova