İstanbul Hava Limanı 2024-cü ilin ilk 6 ayında 316 birbaşa uçuş nöqtəsinə çıxış təmin edərək, ən çox bağlı olan 20 hava limanı arasında birinci yeri tutub.
Elchi.az xəbər verir ki, İstanbul Hava Limanının operatoru İGA-nın Baş İcraçı Direktoru (CEO) Səlahəddin Bilgen sosial media hesabındakı paylaşımında aşağıdakı açıqlamaları verib:
“İstanbul İGA Hava Limanı olaraq, 2024-cü ilin ilk 6 ayı ərzində 316 birbaşa uçuş yerinə xidmət göstərən ən çox bağlı 20 hava limanı arasında birinci olmaqdan qürur duyuruq. Möhtəşəm komandamız və maraqlı tərəflərimiz sayəsində İstanbul qlobal əlaqənin mərkəzində olmağa davam edir. ”
2024-cü il üçün hədəf 85 milyon sərnişindir
Sərnişin və uçuş trafikini günü-gündən artıran İstanbul Hava Limanı Operatoru İGA, 2024-cü ildə 85 milyon sərnişini keçməyi hədəfləyir. İGA İstanbul Hava Limanı da sərnişin sayında 12,77 faiz, uçuşlarda isə 12,46 faiz artım planlaşdırır.
Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü üçün 100 aviaşirkətə xidmət göstərən hava limanı 2024-cü ilin avqust ayı etibarilə 107 aviaşirkətə ev sahibliyi edir.
Nuranə Məmmədova