Keçmiş prezident Yoon Suk Yeolun vəzifəsindən uzaqlaşdırılmasından sonra Cənubi Koreya yeni prezidenti müəyyən etmək üçün iyunun 3-də seçkilərin keçirilməsinə qərar verib.
Elchi.az Yonhap-a istinadən xəbər verir ki, prezident səlahiyyətlərini icra edən baş nazir Han Duk-sunun sədrliyi ilə keçirilən kabinet iclasında seçkilərin tarixi müəyyən edilib.
Seçki təqviminə əsasən, namizədlər ərizələrini mayın 11-dək təqdim edəcəklər və mayın 12-dən seçki kampaniyasına başlanılacaq.
Yeni prezident iyunun 3-də keçiriləcək seçkilərdən sonra vəzifəsinin icrasına başlayacaq.
Konstitusiya Məhkəməsinin impiçment qərarından sonra növbədənkənar prezident seçkiləri ən geci 60 gün ərzində keçirilməlidir.
Yoonun hərbi vəziyyət elan etməsi və impiçment proseduru.
O zamankı prezident Yoon Suk Yeol 2024-cü il dekabrın 3-də “müxalifətin dövlət əleyhinə fəaliyyətə qarışdığını” əsas gətirərək hərbi vəziyyət elan etmiş, lakin parlamentin səsverməsi və Nazirlər Kabinetinin təsdiqi ilə qərarın ləğvindən sonra geri çəkilmək məcburiyyətində qalmışdı.
2024-cü il dekabrın 14-də Milli Assambleyada keçirilən səsvermədə impiçment tələb edilən Yoon Konstitusiya Məhkəməsinin onun işi ilə bağlı qərarı çıxana qədər vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırılıb.
Məhkəmədən sonra Konstitusiya Məhkəməsi 4 aprel tarixli qərarında Milli Məclisin impiçment tələbini qəbul edib və hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Yoonun vəzifəsindən uzaqlaşdırılmasını təsdiqləyib.
Şayəstə Hüseynova