ABŞ-da prezident Co Bayden administrasiyasının dövlət qurumlarını milli təhlükəsizliyi artırmaq üçün ən qabaqcıl süni intellekt sistemlərindən faydalanmağa təşviq etdiyi bildirilir.
Elchi.az The Hill-ə istinadən xəbər verir ki, Bayden milli təhlükəsizliyi artırmaq üçün federal qurumlarda süni intellektin istifadəsini genişləndirən dövlət qurumlarına yönəlmiş direktiv imzalayıb.
Direktivdə süni intellekt texnologiyasının inkişafının vacib olduğu vurğulansa da, tətbiqin məxfilik, vətəndaş hüquqları və insan hüquqları kimi fundamental dəyərlərə uyğun olması lazım olduğu vurğulanıb.
Bildirilir ki, sözügedən direktiv Baydenin keçən il süni intellekt və onun risklərinin idarə edilməsi ilə bağlı verdiyi hərtərəfli icra sərəncamının bir hissəsidir.
Mövzu ilə bağlı mətbuata açıqlamalar verən Ağ Ev səlahiyyətliləri, Çin də daxil olmaqla xarici rəqiblərin bu sahədəki işlərinə diqqət çəkərək, ABŞ-ın süni intellektdən faydalana bilməməsinin ölkəni “strateji sürpriz” riski qarşısında qoya biləcəyi xəbərdarlığını etdi”.
Rəsmilər süni intellektdə irəliləyişlərin yaxın gələcəkdə milli təhlükəsizlik və xarici siyasətə əhəmiyyətli təsir göstərəcəyinə diqqət çəkiblər.
“Süni intellektin, kibertəhlükəsizlik və əks-kəşfiyyat kimi sahələr də daxil olmaqla, çox aydın milli təhlükəsizlik tətbiqlərinə sahib olduğuna” işarə edən səlahiyyətlilər, hərbi əməliyyatlar üçün geniş spektrli süni intellekt dəstəkli logistika və digər fəaliyyətlərin də istifadə oluna biləcəyini ifadə etdilər.
Rəsmilər, Çin kimi ölkələrin süni intellektdən istifadə edərək hərbi və kəşfiyyat imkanlarını modernləşdirdiklərini bildirərək, ABŞ-ın rəqabət üstünlüyünü qoruyub saxlamaq üçün milli təhlükəsizlik sahəsində ən son süni intellekt imkanlarının əldə edilməsi və istifadəsinin sürətləndirilməsinin zəruriliyini vurğuladılar.
ABŞ-ın milli təhlükəsizlik məqsədlərinə çatmaq üçün ən qabaqcıl süni intellekt sistemlərindən lazımi tədbirlərlə istifadə etməsi lazım olduğunu bildirən səlahiyyətlilər, dövlət qurumlarını ən güclü süni intellekt sistemlərinə daxil olmağa və istifadə etməyə istiqamətləndirdiklərini ifadə edərək, bunun çox vaxt satınalmalarda ciddi səylər tələb etdiyini vurğuladılar.
Şayəstə Hüseynova