“Yaxın günlərdə neftin qiymətinin 30-40 dollara qədər enməsi gözlənilir”

🗓 27.02.2015 14:35 ✍️ "Elçi" qəzeti
“Yaxın günlərdə neftin qiymətinin 30-40 dollara qədər enməsi gözlənilir”
İqtisadçı ekspert Natiq Cəfərli neft bazarının yaxın perspektivləri barədə yazı sosial şəbəkədə yazı paylaşıb. 
 “Yaxın günlərdə neftin qiymətinin 30-40 dollara qədər enməsi gözlənilir”“Qafqazinfo” xəbər verir ki, ekpert qeyd edib ki, neft bazarında çox maraqli vəziyyət yaranıb, WTI markalı neft 49 dollaradır, Brent markalı neft isə 61 dollar civarında satılır:” WTI markalı neft Şimalı Amerika markasıdır, qiymətinin Brentdən 12 dollar ucuz olmasının səbəbi ABŞ-da hasil olub saxlanılan, strateji neft ehtiyatları (yəni bunkerlərdə, tankerlərdə, rezervuarlarda saxlanılan) tarixinin ən yüksək həddinə çatıb – 437 milyon barel! Buna görə də, WTI markalı neftin qiyməti ciddi fərqlənir, bu marka ilə birja əməliyyatları Nyu-York birjasında həyata keçirilir. Venesuela, Kanada və Braziliya nefti də bu markaya uyğun satılır. Brent markalı neftlə London birjası satış həyata keçirir, ərəb ölkələri, Rusiya, Qazaxstan, Azərbaycan nefti də, bu markaya görə qiymətləndirilir. Brent markalı neftin daha baha olmasının səbəblərindən biri birja qiyməti ilə real satış qiymətinin arasında 4-5 dollar aşağıya olan fərqdir, çünki, ərəb ölkələri real satış qiymətinə birja qiymətindən 4-5 dollar endirim təklif edirlər. Həm də, ABŞ bazarı daha idxal neftindən az asılı olduğundan, bazar lokallaşıb, ABŞ-da hasilatın artımına köklənib”.
Onun sözlərinə görə, yaxın gələcəkdə neftin qiymətinə ciddi təsir edəcək bir neçə amil var: 1) Qeyd etdiyim kimi, artıq ABŞ-da rezervləri saxlamaq üçün olan həcmlərin 80%-i dolub, ümumi 512 mln. barel neft saxlamaq üçün həcmləri olan ABŞ-da artıq 437 mln. barel ehtiyat yığılıb. ABŞ-da hər həftə ehtiyatlar 6-10 mln. barel arasında artır, son artım həftəyə 8,9 mln. barel olub. Yəni, daha 5-6 həftə ehtiyatlar bu sürətlə artsa, həcmi 500 mln. barelə çatacaq ki, bu da psixoloji həddir, çox güman, bundan sonra ABŞ ehtiyatların bir hissəsinin Avropaya satılması haqqında qərar verəcək, 2) ABŞ belə bir qərar versə, bu Brent markasına ciddi təzyiq yaradacaq, qiymətində WTI markası ilə olan fərq ciddi azalacaq, indi 12 dollardısa, bu 3-4 dollara qədər enəcək, 3) Dünyada xam neftin ən ucuz saxlama variantı iri, həcmi 1 mln. barelə bərabər olan tankerlərdir. Son məlumatlara görə, artıq belə tankerlərin 75%-ə yaxını neftlə doludur və bu tip tankerlərin icarə haqqı 2 dəfə artıb ki, bu da, neft sahiblərini daha tez müştəri taparaq satmağa vadar edəcək. Bəzi treyderlər nefti tankerlərə doldurub, qiymətinin qalxacağını gözləyirdilər, amma bu baş vermədi, 4) Dünyada ABŞ-dan sonra ən çox neft ehtiyatı yığan ölkə Çindir, bu ölkədə də neft saxlamaq üçün həcmlərin 85%-ə yaxını dolub artıq, və Çin neftayırma zavodları yaz aylarında mərhələli təmirə dayanacaqlar ki, bu da ehtiyatların daha çox artmasına, yəni, Çinin bazardan daha az neft almasına gətirib çıxaracaq. Daha bir önəmli məsələ odur ki, Çin iqtisadiyyatının artım tempi 7%-dən aşağı düşüb ki, bu da neft istehlakını azaldan faktorlardan biridir, 5) Avropa ölkələrinin ÜDM artımı da kəskin azalıb, həm də Yunanıstan problemi həll olunmayıb ki, bu da qlobal əmtəə bazarlarına neqativ təsir edir, 6) Nəhayət, yaxın həftələrdə dollar qlobal bazarlarda daha da bahalaşacaq ki, bu da neftin qiymətinə aşağı yönlü əlavə basqı yaradır, baha dollar – ucuz neft formulu işə düşür. Bir sözlə, yaxın 5-6 həftədə dünya neft bazarında növbəti kəskin qiymət enməsinin şahidi ola bilərik. Buna həm də mövsümi amillər də təsir edəcək, qışdan çıxan bazarda həmişə neft istehlakı azalır. Bir çox nüfuzlu beynəlxalq təşkilatların hesabatlarına görə, yaxın 5-6 həftədə neftin qiymətinin 30-40 dollara qədər enməsi gözlənilir, yəni, indiki qiymətlər, hələ “dib” qiymətlər deyil”.
N. Cəfərli vurğulayıb ki, neftin qiymətinin daha da aşağı enməsi, ölkəmizə olan neqativ təsirləri çox gücləndirəcək: “ÜDM-in azalması sürətlənəcək, manata olan basqı artacaq, xərcləri daha da azaltmaq lazım olacaq ki, bu da sosial vəziyyəti pisləşdirəcək. İllərdir belə ssenarının mümkünlüyü haqqında yazırdıq, danışırdıq, dinləmirdilər, ölkə bircə faktordan – neftdən asılı qalıb sallanır”.

Bənzər yazılar