Peruda 3500 illik qədim şəhər aşkar edilib

Peruda 3500 illik qədim Peniko şəhəri aşkar edilib. Ticarət mərkəzi kimi fəaliyyət göstərən şəhər Amerikanın ən qədim sivilizasiyası olan Caralın davamı hesab edilir. Tapıntılar arasında məbədlər və mərasim obyektləri var.
Elchi.az xəbər verir ki, Perunun şimalındakı Barranka bölgəsində 3500 illik qədim şəhər aşkar edilib. "Peñico" adlanan qəsəbənin Sakit okean sahillərində yaşayan icmaları And dağları və Amazon hövzəsindəki yerli icmalarla birləşdirən mühüm ticarət mərkəzi olduğu düşünülür.
İlk sivilizasiyalarla eyni dövrdə qurulub
Paytaxt Limadan təxminən 200 kilometr şimalda və dəniz səviyyəsindən 600 metr yüksəklikdə yerləşən Penikonun eramızdan əvvəl 1800-1500-cü illər arasında qurulduğu təxmin edilir. Bu dövr Mesopotamiya, Misir, Hindistan və Çində ilk böyük sivilizasiyaların yüksəliş dövrünə təsadüf edir.
Peñico, Amerika qitəsində məlum olan ən qədim sivilizasiya olan Caraldan qısa bir məsafədədir. Caral sivilizasiyası təxminən 5000 il əvvəl Perunun Supe vadisində çiçəkləndi və böyük piramidaları, kənd təsərrüfatı sistemləri və şəhər yaşayış məntəqələri ilə məşhur idi.
Səkkiz illik tədqiqatlar nəticəsində 18 struktur aşkar edilib
Arxeoloqlar səkkiz illik qazıntı və araşdırmalardan sonra qədim şəhərdə 18 müxtəlif tikili aşkar ediblər. Bunlara mərasim məbədləri, yaşayış kompleksləri və ictimai binalar daxildir. Şəhərin mərkəzində dağın yamacında terrasda tikilmiş dairəvi tikili diqqəti cəlb edir.
Şayəstə Hüseynova