İsrail Livanın cənubuna intensiv hava zərbələri endirib

🗓 07.07.2025 09:56 ✍️ "Elçi" qəzeti
İsrail Livanın cənubuna intensiv hava zərbələri endirib

İsrail ordusu Livanın cənubuna intensiv hava zərbələri endirib.
Elchi.az xəbər verir ki, Livanın NNA xəbər agentliyində yer alan xəbərə görə, İsrail döyüş təyyarələri Livanın cənubundakı Nəbatiyə şəhərinin Kəfərmalaki qəsəbələrini, İqlim əl-Tuffah bölgəsini, Əl-Zarariya vadisini, Əl-Qasımiyyə bölgəsinin Reddi və Əl-Mətəriyyə qəsəbələrini və Ər-Qasımiyyə bölgəsinin Əl-Mətariyya qəsəbələrini intensiv şəkildə hədəfə alıb.
Bəzi bölgələrdə hücumların təkrarlandığı bildirilib.
İsrail ordusu Baalbek şəhərinin qərbində yerləşən Bəvadi qəsəbəsini də 3 hava hücumu ilə vurub.
Digər tərəfdən İsrail ordusundan mövzu ilə bağlı verilən yazılı açıqlamada Livanın cənubu və Bekaa bölgəsində Hizbullaha aid hərbi məntəqələrin, strateji silah istehsal və anbar sahələrinin və bir raket atma məntəqəsinin hədəf alındığı bildirilib.
Bəyanatda Hizbullahın sözügedən bölgələrdə mövcudluğu və silah fəaliyyətlərinin İsrail və Livan arasında əldə edilmiş razılaşmaların açıq şəkildə pozulması olduğu vurğulanıb.
İsrail və Livan arasında 27 noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail ordusunun Livanın cənubuna havadan və qurudan hücumları demək olar ki, hər gün davam edir.
Atəşkəs qüvvəyə minəndən bəri İsrail təxminən 3000 pozuntuya yol verib, nəticədə ən azı 213 nəfər ölüb, 508 nəfər yaralanıb.
İsrail ordusu Livanın cənubundan qismən geri çəkilsə də, son toqquşmalarda ələ keçirdiyi beş strateji təpəni işğal etməkdə davam edir.

Şayəstə Hüseynova

Bənzər yazılar