Tramp Netanyahunu üçüncü dəfə qəbul edəcək

ABŞ prezidenti Donald Tramp İranla atəşkəs əldə olunması və Qəzzada atəşkəs danışıqlarının başlamasının ardından sabah paytaxt Vaşinqtonda İsrailin baş naziri Binyamin Netanyahunu qəbul edəcək.
Elchi.az xəbər verir ki, Tramp Qəzzada atəşkəs üçün təzyiq göstərdiyi Netanyahu ilə yanvar ayında ikinci prezidentlik müddətinə başladıqdan sonra üçüncü dəfə Ağ Evdə görüşəcək.
Sözügedən görüş ABŞ-ın İranın nüvə obyektlərinə hücumundan sonra Tehran və Təl-Əviv arasında əldə olunan atəşkəsdən sonra Trampın Qəzzada oxşar atəşkəsin yaradılması və bütün məhbusların azad edilməsi üçün Netanyahuya təzyiqini artırdığı bir vaxtda baş tutacaq.
İki liderin sabah axşam Ağ Evdə görüşəcəyi gözlənilir, ABŞ mətbuatı isə İsrailin strateji işlər naziri Ron Dermerin bəzi yüksək səviyyəli ABŞ rəsmiləri ilə məlumat mübadiləsi aparmaq üçün Vaşinqtonda olduğunu bildirib.
İyun ayında İsrail-Amerikanın İranın nüvə obyektlərinə birgə hücumundan sonra Tramp-Netanyahu görüşünün “bir növ qələbə turu” olacağı gözlənilir.
ABŞ mediası da bu görüşün İsraildə seçkilərin yaxınlaşdığı və Netanyahuya qarşı korrupsiya işinin gündəmdən çıxarıldığı bir vaxtda İsrail baş nazirinin əlini gücləndirəcəyinə diqqət çəkir.
Tramp cümə günü jurnalistlərə "Qəzzada atəşkəsin gələn həftə ərzində əldə olunmasını gözləyirik" deyib.
Elə həmin gün Həmas Qətər və Misir vasitəçilərinə son atəşkəs təklifinə "müsbət" cavabını verdi.
Şayəstə Hüseynova