Ukrayna kredit böhranı ilə bağlı qəti qərar verdi: Bəs, Azərbaycan...


Ukrayna Ali Radası xarici valyuta ilə götürülən kreditlərlə bağlı qanun layihəsi qəbul edib. Qanun layihəsi istehlak kreditləri götürən fiziki şəxslərin üzləşdiyi problemlərin həlli mexanizmini nəzərdə tutur.
Qanunvericilər belə nəticəyə gəliblər ki, milli valyutanın stabilliyini qoruyub, saxlaya bilməməsinə görə məsuliyyət dövlətin üzərindədir. Ona görə də, dövlət bu məsuliyyəti nəzərə alaraq, əhaliyə yardım etməlidir. Ukraynada vaxtilə dollar və digər xarici valyuta ilə kredit götürmüş vətəndaşlar banka ödənişi həmin valyutanın devalvasiyadan sonrakı məzənnəsinə yox, kreditin götürüldüyü vaxtdakı məzənnəyə uyğun ödəyəcəklər.
Əksər yerli ekspertlər isə bildirirlər ki, Azərbaycan hökuməti də belə addım ata bilərdi. Amma hökumət əhalinin mənafeyini güdməyə ehtiyac duymadı.
Ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda bunun olacağı mümkün görünmür: “Bir şərtlə mümkün olardı ki, bankların ziyanını dövlət ödəsin. İndiki durumda inanmıram ki, hökumət büdcəyə əlavə yük götürsün. Ancaq ölkədə problemli kreditlərin həcmi aybaay artır. Bunun fonunda hökumət kreditlərlə bağlı müəyyən addımlar atmağa məcbur olacaq. Çünki problemli kreditlərin həcmi durmadan artır. Yanvar ayının 1-nə olan məlumat 1 milyarda çatmırdısa, indi məbləğ 1,3 milyardı keçib. Bunun da böyük əksəriyyəti devalvasiyadan - dolların məzənnəsinin 34-35 faiz artmasından sonra yaranıb. Dollarla kreditlərin geri qaytarılması problem yaradıb. Əhalinin gəlirləri artmayıb, əksinə azalıb. Ona görə də, problemli kreditlərin həcmi də getdikcə artacaq. İlin sonuna qədər iki milyard manata çatması gözlənilir. Çox güman ki, belə də olacaq”.
Ekspert onu da bildirib ki, bundan sonra artıq bank sektorunda ciddi problemlər və təlatümlər yaşanacaq:“Çünki bankların böyük əksəriyyətinin onsuz da vəziyyəti o qədər də yaxşı deyil. Hətta nüfuzlu beynəlxalq reytinq agentlikləri Azərbaycan banklarının vəziyyətinin çox ağır olduğu haqqında bu yaxınlarda hesabatlar yayıblar. Yəni onsuz da banklarda vəziyyət ağırdır, problemli kreditlərin artması bankların bir hissəsinin çökməsinə və yaxud da müflis olmasına səbəb ola bilər. Onda hökumət məcburən olaylara müdaxilə etməyə məcbur olacaq. Bu da daha ağır olacaq və dövlət büdcəsinə daha baha başa gələcək. Ona görə də, düşünürəm ki, hökumət nə qədər bu problemi görməzdən gəlsə də, nə qədər topu Konstitusiya Məhkəməsinin üzərinə atıb, onun verdiyi qərarla bankları yönləndirməyə çalışsa da, vəziyyət ciddidir. Hamımız bilirik ki, Konstitusiya Məhkəməsi bu qərarı hökumətlə təmas şəklində verib. Yəni burada tək hüquqi məsələdən söhbət getmir. Ona görə də, hökumət nə qədər bu problemləri ertələməyə çalışsa da, düşünürəm ki, ilin sonuna yaxın artıq məcburən bəzi addımlı olacaq. Çünki problemli kreditlərin həcminin artması bütün bank sisteminə ciddi təhlükə törədir. Ümumiyyətlə, bu, makroiqtisadi göstəricilərə ciddi təsir göstərir. Hökumət bütün bunları nəzərə alsa, yaxşı olardı və düşünüb, bir proqram şəklində bu məsələyə yanaşmaq lazımdır. Həm kredit verən bankların, həm vətəndaşların mənafeyini uzlaşdıra biləcək bir qərara ehtiyac var. Belə olsa, bank sistemində gələcəkdə yaşanacaq ciddi təlatümlərin qarşısını almaq mümkün olacaq. Yəni problemləri görməzdən gəlməkdə davam edilsə, vəziyyət daha da pisləşəcək. Bu proses davamlı şəkildə gedir. Onda ilin sonunda bank sektorunda ciddi problemlərin yaşanmasının şahidi olacağıq”.