Tramp və Netanyahu Qəzzanı müzakirə etmək üçün ikinci dəfə görüşürlər

ABŞ prezidenti Donald Tramp bu həftə İsrailin baş naziri Benyamin Netanyahu ilə Qəzza məsələsini müzakirə etmək üçün ikinci dəfə görüşüb.
Elchi.az xəbər verir ki, iki lider arasında görüş Netanyahunun yanvar ayında Trampın vəzifəyə başlamasından bəri ABŞ-a üçüncü səfəri çərçivəsində baş tutub.Tramp və Netanyahu arasında Ağ Evdəki Oval Ofisdə bağlı qapılar arxasında keçirilən görüş bir saatdan çox davam edib və Qəzzada atəşkəsə nail olmaq üçün davam edən səylər müzakirə edilib.
Netanyahu görüşdə Qəzzada məhbusların azad edilməsi və “Həmasın hərbi və inzibati imkanlarının aradan qaldırılması”nın müzakirə edildiyini bildirərək, İranla baş verən hadisələrin nəticələri və onların gətirə biləcəyi imkanların da müzakirə edildiyini vurğulayıb.
Amerikanın Axios xəbər platformasının məlumatına görə, Tramp və Netanyahu arasında baş tutacaq görüşdən əvvəl Qətər rəsmilərindən ibarət bir heyət də Ağ Evə gələrək yüksək səviyyəli rəsmilərlə bir neçə saatlıq danışıqlar aparıb.
Baş nazir Netanyahu Vaşinqtondakı təmaslarının ikinci günündə Nümayəndələr Palatasının spikeri Mayk Consonla görüşüb. Görüşdən sonra mətbuata açıqlama verən Netanyahu Qəzzada atəşkəsə nail olmaq üçün çalışdıqlarını bildirib.
"Biz vasitəçilərdən gələn təklifi qəbul etdik. Bu, yaxşı təklif idi. Bu, (Trampın Yaxın Şərq üzrə xüsusi elçisi) Stiv Vitkoffun orijinal ideyasına uyğun gəlir və düşünürük ki, buna daha da yaxınlaşırıq. Məqsədimiz növbəti mərhələyə keçməkdir", - Netanyahu bildirib.
Witkoff dünən verdiyi açıqlamada atəşkəs danışıqlarında irəliləyiş əldə edildiyini və həftənin sonuna qədər Qəzzada 60 günlük atəşkəslə bağlı razılığın əldə olunacağına ümid etdiyini bildirib.
Nuranə Məmmədova