image-777backend

Müharibənin taleyini həll edən “SİRR”imiz – Mənəvi dəyərlərimizin ƏN ALİSİ

Azərbaycan xalqının mentalitetində, məişətində, adət və ənənələrində milli-mənəvi dəyərlərimiz, xüsusilə də vətənpərvərlik hər zaman əsas xətt olub.

Hələ ötən əsrin 70-ci illərində Azərbaycanda siyasi hakimiyyətdə olarkən xalqımızda milli mənlik şüurunun oyanışında misilsiz xidmətləri olan Ulu öndər Heydər Əliyev mənəvi dəyərlərimizin və mədəniyyətimizin, əsas da vətənpərvərlik hisslərinin gələcək gənc nəslə aşılanması istiqamətinə, onun inkişafına xüsusi qayğı və diqqət ayırırdı.

Buna misal olaraq Cəmşid Naxçıvanski adına hərbi liseyi göstərə bilərik. Belə ki, bu hərbi liseyin əsası Ulu öndərin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında (24 noyabr 1997-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məktəbin adı dəyişdirilərək C. Naxçıvanski adına Hərbi Lisey adlandırılıb – red.) qoyuldu. Zaman göstərdi ki, Heydər Əliyevin bu qərarı gələcəyə hesablanmış nə qədər böyük bir addımdır.

Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə öz mübarizələri, qəhrəmanlıqları ilə seçildilər.

Keçmişin izi ilə

Bu amilin özü bir daha təsdiq edir ki, Heydər Əliyev Azərbaycanın gələcəyini, onun sabitliyini, müstəqilliyini qoruyub saxlamağın, böyük qələbələrə getməyin əsas vasitələrindən birinin məhz vətənpərvər övladların, gəncliyin hazırlanmasından keçdiyini çox yaxşı anlayırdı.

Ötən əsrin müxtəlif dövrlərində xalqımızın başına gətirilən soyqrımlarla bağlı fərmanları Ulu öndərin xalqının mənəvi dəyərlərinə həssas yanaşdığının növbəti bariz nümunəsidir. Ümummilli lider siyasi uzaqgörənliklə xalqın qədim dəyərlərini müasirliklə əlaqələndirərək deyirdi: “Həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə sadiq olmaq lazımdır, bu milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır”.

Geridə qalan 19 il ərzində də şahidi olduq ki, böyük dövlətçilik təcrübəsinə malik, dünya şöhrətli siyasətçi Heydər Əliyev dühasının tövsiyələri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin vətənpərvərlik ruhunda böyüməsi artıq millətin inkişafının təməl daşına çevrilib. Millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtlərdən hesab edilir. Ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmlənməsi, gələcəyin etibarlı təminatı yüksək səviyyəli kadrların yetişməsindən və onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır.

Prezident İlham Əliyev istər xarici ölkələrdə, istərsə Bakının ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə, konfranslarda, forumlarda dəfələrlə vurğulayıb: “Müstəqil Azərbaycan dövləti güclü milli-mənəvi dəyərlər üzərində qurulubdur”.

İnsanın ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə-obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik təkcə vətəni sevmək deyil, vətən naminə çalışmaq, onu qorumağa hər an hazır olmaq deməkdir. Xalqın kədəri, sevinci ilə yaşamaq hissi insanda anadangəlmə yaransa da, davamlı olmasına möhtacdır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması vacib amillərdəndir.

Bizi biz edən mənəvi dəyərimiz

Azərbaycan xalqı gənc nəslin vətənə məhəbbət, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşır və ona həyati əhəmiyyətli məsələ kimi baxır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bu məqamı xatırladaraq qeyd edib: “Həm müəllimlər, həm valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər ki, onlar vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərlərimizi hər şeydən üstün tutsunlar. Çünki əgər milli dəyərlərimizdə hər hansı bir sarsıntı yaşanarsa, bu, cəmiyyətimizin əsaslarını, sütunlarını sarsıdar. Ona görə mən həmişə deyirəm ki, milli dəyərlərimiz, mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz onları qorumalıyıq. Çünki bu, bizim gələcəyimiz üçün əsasdır”.

Azərbaycan azsaylı ölkələrdəndir ki, təqvimdən gənclərlə bağlı xüsusi gün var və həmin gün ölkədə xüsusi qeyd edilir. Burada da əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasəti əsas rol oynayıb.

Bu, diqqət və qayğıdan güc alan həmin Azərbaycan gəncliyidir ki, vətənpərvərliyi, öz xalqına və dövlətinə bağlılığını 44 günlük Vətən müharibəsində nəinki Azərbaycanın düşmənlərinə, ermənipərəstlərə, eyni zamanda bütün dünyaya isbat etdilər.
Vətən müharibəsində bunun bir daha əyani şahidi olduq ki, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 günlük müharibənin hər bir gününü tariximizə qələbə günü kimi yazmağa müvəffəq oldu. Heç şübhəsiz ki, Vətən müharibəsində ordumuzun misilsiz qalibiyyətinin, o cümlədən Şuşa qələbəsinin kökündə duran əsas məqamlardan biri ordu sıralarında olan gənclərimizin vətən sevgisi, vətənpərvərliyi ilə bağlı idi. İkinci Qarabağ müharibəsinin taleyini Azərbaycan gəncliyinin vətənpərvərliyi, qəhrəmanlığı, şücaəti həll etdi desək, yanılmarıq. Cənab Prezidentin bəyan etdiyi kimi Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi.

Tarixi zəfərin əsas formulu

Azərbaycan vətənpərvər, güclü, milli ruhda tərbiyə almış, öz torpağı, vətəni uğrunda qanından, canından, sağlamlığından keçməyə belə hazır olan gənclərinin hesabına 30 illik Vətən həsrətinə son qoydu.

Bəli, dövlət başçısının da qeyd etdiyi kimi 44 günlük müharibəsində bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin dövründə yetişən gənclər yerinə yetirdilər.

Azərbaycançılıq ideologiyası dildə, dində, əxlaqda, mənəviyyatda, mənəvi mədəniyyətin bütün sahələrində istiqamətləndirici məfkurə olmalıdır. İnsan öz milli kökənini unutmamaqla, onu daim yaddaşında saxlamaqla milli vətənpərvərlik və milli mənlik şüuruna sahib ola bilər. Bunsuz mümkün deyil. Ümumbəşər və qloballığı özündə birləşdirən türklük milli şüuru Azərbaycanı dünya səhnəsində göstərən aynadır. Milli mənsubiyyətini, vətənpərvərlik hissini itirmədən, universal şəxsiyyətə sahib olmaq milli şüuru qoruyub saxlamaq iradəsinin göstəricisidir.

Gələcəyimizin ümidi

Sirr deyil ki, hazırda qlobal “avropalaşmaq və amerikalaşmaq” mövqeyinin təbliğatını aparan qruplaşmalar, xarici qüvvələr degenrativ məntiqlə qloballaşmanı gerçəkləşdirəcəklərinə inanırlar. Lakin Vətən üçün milli könüllülük, milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi sözügedən yad ünsürlərin milli-mənəvi dəyərlərimizə təsirinin qarşısını almaq üçün yeganə və ən təsirli vasitədir.

Hər birimiz əminik ki, Azərbaycan gəncliyi bundan sonrakı dövrdə də Azərbaycanının inkişafı üçün əllərindən gələni edəcək və Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcəklər. Təbii ki, heç kimə sirr deyil ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, hər bir azərbaycanlı üçün böyük xoşbəxtlikdir. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix, xalq, Vətən qarşısında misilsiz xidmətlər göstərdilər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etdilər.

Bir məqamı da xüsusi olaraq qeyd etmək istərdim: işğal altında olan torpaqlarımızın azad olumasında iştirak edən gənclər Ulu Öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyevin idarəçiliyinin məzunlarıdır.

Bir şeyi hər zaman bilməyimiz vacibdir: Vətənpərvərlik təkcə vətəni sevmək deyil. Vətənpərvərlik həm də vətənin naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, xalqın hər bir uğuruna sevinməkdir.

Xalq şairi Cabir Novruzun dediyi kimi …

Vətəni sevmək azdır,
Onu qorumaq gərək.
Vətənim demək azdır,
Vətənin olmaq gərək.

Milli.Az

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki