Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə yük dövriyyəsinin artırılmasını müzakirə edib.
Elchi.az xəbər verir ki, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani Qazaxıstan Dəmir Yolları Direktorlar Şurasının sədr müavini Erlan Koyşibayev və “KTZ Express” şirkətinin baş direktoru vəzifəsini icra edən Aybek Kaparla görüşüb.
Tərəflər iki ölkənin dəmir yolları arasında əməkdaşlığın mövcud vəziyyəti və əlaqələrin daha da dərinləşdirilməsi imkanlarını müzakirə edib.
Rəsmilər Orta Dəhliz üzrə yük dövriyyəsinin artırılması istiqamətində müsbət dinamikanı qeyd edib, həmçinin Gürcüstanda həyata keçirilən və planlaşdırılan infrastruktur layihələrinin, o cümlədən Anakliya Dərin Su Limanı layihəsinin gedişatını müzakirə ediblər.
Görüşdə həmçinin, Gürcüstan Dəmir Yollarının baş direktoru Laşa Abaşidze, Anakliya Dəniz Limanının direktoru Zurab Siçinava və İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Nəqliyyat və Logistika İnkişaf Siyasəti Departamentinin rəhbər müavini Merab Kajaia da iştirak edib.





















