Elman Rüstəmov postunda qalır: "Üzən məzənnəyə hazırlaşırıq"

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın İdarə Heyətinin indiki sədri Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə namizədliyi təsdiq edilib.
Komitə Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Xaqani Abdullayevin də Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə namizədliyini təsdiq edib.
E.Rüstəmov 1995-ci ilin yanvarından Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib.
X.Məmmədov isə Mərkəzi Bankda 1997-ci ildən işləyir. 2010-cu ildə isə o Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilib.
E.Rüstəmovun səlahiyyət müddəti aprelin 6-da başa çatır.
Azərbaycan Mərkəzi Bankı (AMB) həyata keçirdiyi məzənnə siyasəti sahəsində üzən məzənnəyə tam keçid üçün hazırlıq işləri görür.
"Report"un məlumatına görə, bunu Milli Məclisin İqtisadi Siyasət Komitəsinin iclasında iştirak edən AMB-nin sədri Elman Rüstəmov bəyan edib.
"Biz artıq dinamik bir sistemə daxil olmuşuq. Bu gün manatın məzənnəsi idarə olunan üzən məzənnə adlandırılır. Manat bu gün xarici valyutalara nisbətdə öz dəyərini axtarır" deyə AMB sədri bildirib.
E.Rüstəmov qeyd edib ki, Azərbaycan hələ tam üzən məzənnə siyasətinə keçid üçün hazır deyil: "Bunun üçün valyuta qazanan və valyuta satan çox olmalıdır. Ölkədə isə hazırda 2-3 əsas valyuta satan şirkət var - Dövlət Neft Fondu, SOCAR və Mərkəzi Bank. Hazırda bizdə üzən məzənnəyə hazırlıq gedir. Əgər biz hazırda məzənnəni idarə etməsək, dollar daha 20-30 faiz möhkəmlənə bilər ki, bu da iqtisadiyyatda əsəbilik yaradar. Ona görə də idarə olunan üzən məzənnə siyasəti yürüdürük".
AMB sədri əlavə edib ki, Azərbaycanda müşahidə olunan dollarlaşma prosesi davam edir. Fevralda həyata keçirilən milli valyutanın devalvasiyasindan sonra Mərkəzi Bank bazarda 1 milyard dollardan çox valyuta satışı həyata keçirib.
E.Rüstəmov bildirib ki, dollarlaşma prosesinin aprel-may aylarında davam edəcəyi gözlənilir: "Lakin daha aşağı səviyyədə olacaq və səngiyəcək".
AMB başçısı qeyd edib ki, 2015-ci il ərzində Azərbaycanda şok devalvasiya gözlənilmir: "Əlbəttə ki, neftin qiyməti və digər amillər nəzərə alınmaqla. Neftin qiyməti üzrə əsas proqnoz isə 50-55 dollar/barel səviyyəsindədir".