Dəyərli, gənc şairimiz Aysel Nəsirzadənin poetik dünyası… – Nəcibə İlkin

Aysel Nəsirzadə elə tanıdığımdan da artıq sevdiyim şairdi. Onun hər misrasında kədərin gül ətirli qoxusu, həsrətin acılı-şirinli xatirəsi var…O, poetizmin, şeir dilini o qədər gözəl bilir ki, şeirlərini oxuduqca insanın qəlbinə su kimi axıb dolur. İnsanın ruhu dincəlir.
Sakit, həzin bir mahnıya qulaq asırsan sanki: “Əllərim ovcumdan sürüşdü, Tuta bilməzdim daha”,- deyir. Misra-misra haqsızlığı döyəcləyən, buludun gözündəki yağış damcısını ürəyinin boş qalan yerinə sərib, zamanın sərtliyini qapısından qovan şair… Poetizmi də özünü təsdiqləməyi bacaran və bu bacarıqdan məharətlə istifadə edərək xatirələrin odlu çırağında yol gedən, qəhərində boğulub, kədərinə ortaq olan gecələrinin laylasında özünə yol axtaran Aysel Nəsirzadə… Əlindəki qələmin titrək baxışında: Kağız üşüyər.. Üstünə səpilən soyuq sözlərdən. Nöqtə qoyulduqca Ümid doğar isinməyə… -deyir. Üstünə səpilən soyuq sözlərdən kağızın üşüməsi və nöqtə qoyulduqdan sonra ümidin yenidən doğulması bədii estetik zövqün lirik mənidir. Şair zövqünün poetik baxışında bu “mən”lər doğulduqca yeni dünya yaranır. Ürəyim dəniz deyil Dərdi sahilə vura. Şair ürəyinə sığdırdığı dəniz dərdlərinin fərqində olmasa da, əslində onun ürəyi sayı hesabı olmayan dərdlərin kədər yuvasıdır. Sahili isə onu sevən ürəklərdir. Qəlbi vətən eşqiylə döyünən şairə “Şəhidlər unudulmaz” şeirində şəhidlərimizin unudulmazlığında, ana fəryadını, ata ağrısını sətir-sətir pıçıldayaraq dünənimizə, sabahımıza gözü yaşlı xatirə şəkli çəkir. Vətənsiz dilimiz gödək Bəxtimiz də fağır oldu. Şair, qəlbinin vətən ağrılı hisslərinə bürünərək onların əzabını yaşayır. Başına min bir bəlalar gələn vətənin vətənsiz övladlarını şeir-şeir ağlayır. Doğma vətəndə qaçqın kimi yaşaması, babaların qaçqın kimi ölməsi insan qəlbinin çəkdiyi iztirablardı… Bu gün o iztirabları ömürdən ömürə ötürürük. Balalar qaçqın oldu Babalar da qaçqın öldü. *** Dözüb-dözüb axırda Vətənsiz ölmək günahdır. Yaraları qaysaq tutmayan, vətənində vətənsiz olan, yurdu talan edilmiş, eşqi qəlbinə gömülmüş cavanların vətənsiz ölmək günahının arxasında nələrin dayandığını demək və görmək o qədər də çətin deyil məncə. Bu günahların nə zamansa dar ağacı var. Ruhundakı yorğunluğun yükünü ürəyindən asan və günahlarını yuyub qurtara bilmədiyi ölümü qapısını kəsən Aysel: Allah Yazmayan Dərdi İnsanlar verdi, çəkdim. -deyir. Zaman baxımından yerində deyilən həqiqətin acı üzü. Qəribədir ki, insanların bugünkü dost baxışı, doğmalıq baxışı həqiqətin güzgüsünü pərdələyir. Və insanlıq deyilən ülvi hisslərin çağırışına bəzən cavab vermir. Ən böyük faciə sənin doğmalar və səni sevənlərin tərəfindən başa düşülməməyindir. Bu dərd bir ömür payı olaraq səni tərk etmir. Lirikanın poetik mənzərəsi onun bütün misralarında duyulur. Bu mənzərələr duyğuların qanad açdığı misralarda gah kədərli, gah da duyğusal xəyalların sahilində özünə yer tapır: Ömrüm payızdan keçir, Yazıma qırov düşüb. Dörd yanımı dərd sarıb, Ürəyim girov düşüb… Dərdlərin içində qovrulan bir ömrün yazına qırov və bu dərdlərin axarında ürəyinin girov düşməsi bədii fikir baxımından yeni olmaqla gözəldir. Taleyin pəncərəsindən atılan daşlara sinə gərmək, onu sözlə ovutmaq kimi ağırlığı yalnız iradəsiylə, dözümüylə nəzmə çəkmək Ayselin yaradıcılığında möhtəşəmdir. Bu mənada hər kəsin dərdlərini öz dərdinə qatmaqla kədərlərində ətirlənib, şeir-şeir ağlayan şair kövrək hissləri ilə, incə qəlbi ilə şeirlə salama gəli sanki… Aysel xanım özünü yazmaqla bərabər bütün sevdiklərini də özündə birləşdirir. Onun ruhu, xəyali dünyası, qəlbinin pəncərəsi bütün qadınlar üçün açıqdır. O, hər kəsi özü kimi anlayır, özü kimi duyur Şeir-şeir axtarırsan sən məni, Bircə misra rastına da çıxmıram. *** İçin-için ağlasam da Yaşlamıram gözlərimi. Dəli bir sevdanın aşiqliyində şeir-şeir ucalan adamın harayı eşidilir bu səsdə. Sanki misralar da üşüyür. Onu axtaran aşiqin rastına çıxmaqdan çəkinir. Bəlkə də həya edir. Belə bir poeitik düşüncənin sahibi yalnız ülviliyin, leyliyliyin, məcnunluğun zamanına üz tutur. Və o zamanın eşq səhrasında özünü rahat sayır. Çünki, eşqi sadiqliyin, eşqi qəribliyin şirin həsrəti var o səhrada. Ayseli alqışlamağa dəyər.