Kosovo ABŞ-dan deportasiya edilən immiqrantları qəbul edəcək

🗓 11.06.2025 17:53 ✍️ "Elçi" qəzeti
Kosovo ABŞ-dan deportasiya edilən immiqrantları qəbul edəcək


Kosovo hökuməti ABŞ-dan deportasiya ediləcək 50 immiqrantın müvəqqəti qəbulu məsələsində əməkdaşlığa hazır olduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, Kosovo Hökumətinin Mətbuat Ofisi tərəfindən yerli mətbuata edilən yazılı şərhdə , Kosovonun göstərilən şərtlər daxilində üçüncü ölkə vətəndaşlarının qəbulu və müvəqqəti məskunlaşması üçün ABŞ tələbi ilə əməkdaşlıq edə biləcəyi qeyd edilib.
"Hökumət qanunun aliliyi və ictimai asayişlə bağlı müəyyən meyarlara cavab verən şəxsləri təklif olunan siyahıdan seçmək imkanı ilə bu prosesdə iştirak etməyə hazır olduğunu bəyan edib", - bəyanatda deyilir və Kosovonun miqrantların öz ölkələrinə təhlükəsiz qayıdışını asanlaşdırmaq üçün bir il ərzində 50 nəfərə qədər qonaq qəbul edə biləcəyi qeyd edilib.
Bəyanatda vurğulanıb ki, ABŞ Kosovonun sarsılmaz müttəfiqi olaraq qalır.
Digər tərəfdən, Kosovo 2027-ci ildən etibarən qüvvəyə minən 300 həbsxana kamerasını Danimarkaya 10 il müddətinə icarəyə verəcək. Kosovoya köçürüləcək məhbusların əksəriyyəti Danimarka vətəndaşı olmayan və oğurluq, qaçaqmalçılıq, saxtakarlıq və qətl kimi cinayətlər törətmiş "üçüncü ölkə vətəndaşları" olacaq. Kosovo müqaviləyə əsasən 210 milyon avro alacaq.
Kosovo hökuməti həmçinin sığınacaq müraciətləri Böyük Britaniya tərəfindən rədd edilən qaçqınlar üçün ölkədə “repatriasiya mərkəzləri” yaratmaq təklifini müzakirə etməyə hazır olduğunu bildirib.

Nuranə Məmmədova

 

Bənzər yazılar