Roma Papası XIV Leo BMT-nin baş katibi Quterreşlə görüşüb

Vatikandan verilən yazılı açıqlamaya görə, Papa XIV Leo bu səhər Vatikanda Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə görüşüb.
Elchi.az xəbər verir ki, Quterreş həmçinin Vatikanın dövlət katibi (baş nazir), kardinal Pietro Parolin və Vatikanın dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə dövlət katibi (xarici işlər naziri), monsenyor Pol Riçard Qallagerlə də görüşüb.
Quterreşin təmasları ilə bağlı Vatikandan verilən yazılı açıqlamada bu ifadələr yer alıb:
"Danışıqlar zamanı Vatikan BMT-nin dünya sülhünün əldə edilməsi üzrə səylərini dəstəklədiyini bildirib. Danışıqlar zamanı həmçinin BMT tərəfindən həyata keçirilən müxtəlif proseslər və qarşıdan gələn sammitlər, habelə hazırda dünyada baş verən müxtəlif böhranların həllində BMT-nin üzləşdiyi çağırışlar müzakirə edilib. Həmçinin münaqişə və qeyri-sabitliyin konkret vəziyyətlərinə xüsusi diqqət yetirilib".
Nuranə Məmmədova