Dərman preparatlarının ölkəyə idxalı ilə bağlı gömrük rüsumlarını azaltmaq, bəzi preparatlarla bağlı isə, ümumiyyətlə, ləğv etmək olar. İdxalçılardan gömrük rüsumu alınmasın və onların qarşısına dərmanların ucuz qiymətə satılması şərti qoyulsun.
Dərman preparatlarının qiymətində fərqliliklər hələ də qalmaqdadır. Paytaxtdakı apteklərə üz tutan vətəndaşlar müxtəlif qiymətlərin şahidi olur. Bu fərqlilik xüsusən də ölkəyə xaricdən gətirilən dərmanların qiymətində müşahidə olunur. Məsələn, allergiyaya qarşı “Seretide” dərmanı Rusiya istehsalıdırsa 42 manat, Almaniya istehsalıdırsa 57 manata satılır. Satıcılar bunu dolların məzənnəsinin qalxması ilə izah edir və xarici valyuta ilə alınan dərmanların qiymətinin ucuzlaşmasının qeyri-mümkünlüyünü bildirirlər.
Mütləq icbari tibbi sığortanın tətbiqinə başlanılmalıdır
Mövzu ilə bağlı fikirlərini AİM.Az-a bölüşən iqtisadçı ekspert Natiq Cəfərli dərman bazarında gözlənilən nəticənin əldə edilməməsini bir neçə amillə izah etdi:
“Tək inzibati metodlarla dərman bazarında vahid qiymət tətbiqinə nail olmaq çox çətindir. Qiymətlərə müdaxilə, biznes strukturlarının işinə müdaxilədir ki, bundan da müsbət nəticə gözləmək olmaz. Əgər dərman preparatlarına aşağı qiymət tətbiq ediləcəksə, ölkə bazarına ucuz və keyfiyyətsiz dərmanlar ayaq açacaq. Əsasən Hindistan və digər Şərq ölkələrindən. İstifadə müddəti bitmiş, düzgün şəraitdə saxlanılmayan dərmanlar satışa çıxarılacaq və bu da, əlbəttə ki, insanlarımızın sağlamlığını təhdid edəcək.
Bir çox ölkələrdə – Türkiyədə, Gürcüstanda, İranda vətəndaşlar məhz tibbi sığorta sayəsində aptekdən dərmanları çox ucuz qiymətə, hətta demək olar, havayı ala bilirlər.
Çoxlarının xatirindədir ki, sovet vaxtı keyfiyyətli dərman qıtlığı yaşanırdı. Keyfiyyətli dərmanları əlaltından, necə deyərlər, piştaxtanın altından satırdılar. Keyfiyyətli dərmanlar rəsmi satışda olmurdu. Həmin vəziyyət təkrarlanmasın deyə, hökumət biznes qurumları ilə birgə fəaliyyət planı işləyib hazırlamalıdır. Bunun üçün mütləq, ilk növbədə icbari tibbi sığortanın tətbiqinə başlanılmalıdır. İcbari tibbi sığorta tətbiq olunarsa, dərman preparatlarının bir hissəsinin pulunu sığorta şirkətləri ödəyəcək. Hətta bütün qiymətləri də ödəyə bilərlər. Bu, artıq, bağlanacaq müqavilənin şərtlərindən asılı olacaq. Bir çox ölkələrdə – Türkiyədə, Gürcüstanda, İranda məhz belədir. Vətəndaşlar məhz tibbi sığorta sayəsində aptekdən dərmanları çox ucuz qiymətə, hətta demək olar, havayı ala bilirlər.
Təbii ki, bizdə dərman preparatlarının qiymətinin yüksək olmasına idxal amilinin də böyük təsiri var. Dərman preparatlarının hardasa, 98 faizi ölkəyə xaricdən gətirilir. Yerli istehsal, demək olar, sıfırdır. Nə qədər ki, yerli istehsal yoxdur, idxal prosesində də müəyyən addımlar atmaq mümkündür. Məsələn, dərman preparatlarının ölkəyə idxalı ilə bağlı gömrük rüsumlarını azaltmaq, bəzi preparatlarla bağlı isə, ümumiyyətlə, ləğv etmək olar. İdxalçılardan gömrük rüsumu alınmasın və onların qarşısına dərmanların ucuz qiymətə satılması şərti qoyulsun. Gömrük rüsumundan azad edilmək dərmanların maya dəyərinin aşağı olmasını təmin edəcək ki, bu da özünü satış qiymətlərinin aşağı düşməsində göstərəcək. Nəticədə, vətəndaşlarımız keyfiyyətli və daha ucuz dərman preparatları əldə edə biləcəklər. Dərman idxalı və satışında bu yollarla müsbət nəticələr əldə etmək mümkündür. Sadəcə, hökumət biznes strukturları ilə birgə ciddi addımlar atmalıdır”.