Çin yuanı ucuzlaşır, Neft Fondumuz itirir: Azərbaycanın milyardları təhlükədə...

🗓 13.08.2015 19:10 ✍️ "Elçi" qəzeti
Çin yuanı ucuzlaşır, Neft Fondumuz itirir: Azərbaycanın milyardları təhlükədə...
Çin yuanı ucuzlaşır, Neft Fondumuz itirir: Azərbaycanın milyardları təhlükədə...
Vahid Əhmədov: “Kimsə gözləməzdi ki, Çin yuanı devalvasiyaya uğrasın, bu son zamanlar atılan qəfil addımlardan biri oldu”
 
Natiq Cəfərli: “Neft Fondu heç bir əməliyyat aparmadan, sadəcə Çinin son 3 gündə apardığı devalvasiya nəticəsində 22 milyon dollara yaxın itkiyə məruz qalıb”
Çin Xalq Bankı son üç gündə milli valyutanı üçüncü dəfədir ki, devalvasiya edir. Ardıcıl baş verən devalvasiyadan sonra yuan təqribən 5 faizə yaxın dəyər itirib. Belə ki, avqustun 11-də 1,9  faiz, avqustun 12-də 1,62 faiz devalvasiyaya uğrayan Çin yuanı, bu gün də dollar qarşısında 1,1 faiz dəyər itirərək, bir dollar üçün 6,4010 yuan olub.
Çin hökumətinin bu qərarı dünya bazarında bir çox dəyişikliklərə səbəb olmaqla yanaşı, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Belə ki, Dövlət Neft Fondu bir müddət öncə vəsaitlərinin böyük bir qismini yuanla saxladığından hazırda həmin vəsaitlər ciddi itkiyə məruz qalır. Ekspertlərin məlumatına görə, son 3 gündə Neft Fondu yuanın devalvasiyası ilə 22 milyon manata yaxın vəsait itirib.
Bəs, görəsən Çin hökuməti milli valyutasının devalvasiyasına davam edərsə, Azərbaycanın neft milyonlarını təhlükə gözləyirmi? Azərbaycan hökumət vəsaitlərinin itkiyə məruz qalmaması üçün hansı addımlar atmalıdır? Nə üçün dövlət ehtiyatlarından yatırımlar edərkən gələcək iqtisadi gəlişmələrlə bağlı hesablamalar aparılmır?
Musavat.com-un suallarını cavablandıran Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov Çin yuanı ilə saxlanılan vəsaitlərin elə də böyük məbləğdə olmadığını və ciddi bir itki ilə nəticələnməyəcəyini bildirdi: “Ümumiyyətlə, Neft Fondunun ehtiyatları əsasən dollar və funt-sterlinqlə saxlanılır. Ancaq müəyyən hissəsi bəzi məqsədlər üçün Çin yuanında və ya rus rublunda saxlanılır. Bu, elə də böyük məbləğ deyil. Çünki, Neft Fondunun vəsaitlərinin 85-90 faizi dollarla, funt-sterlinqlə saxlanılır. Ona görə də, burada ciddi ziyan dəyməyəcək, ancaq müəyyən itkilər olacaq. Yuanın birdən-birə bu qədər devalvasiyaya uğraması Çinin ixracı artırmaq istəyi ilə bağlıdır. Neftin qiymətinin aşağı düşməsi də Çin üçün sərfəlidir, çünki neft idxal edən ölkədir. Ona görə də, çalışırlar ki, devalvasiyaya getməklə öz məhsullarının dünya bazarında rəqabət qabiliyyətini artırsınlar. Neft gəlirlərini xilas etməkdən söhbət gedirsə, bu, bir anın içində olacaq məsələ deyil. Kimsə gözləməzdi ki, Çin yuanı devalvasiyaya uğrasın. Bu, son zamanlarda atılan qəfil addımlardan biri oldu. Burada siyasi məsələlərin də rolu var. Bizim Çinlə iqtisadi əlaqələrimiz genişdir, siyasi əlaqələrimiz də var. Ona görə də, müəyyən qədər valyutanın yuanla saxlanılması da normaldır. Neft Fondunda müəyyən itkilər olsa da, mən bunu ciddi bir hal hesab etmirəm”.
Dövlət ehtiyatlarından yatırım edərkən aparılan hesablamalara gəlincə, deputat bildirdi ki, Neft Fondunun mütəxəssisləri müxtəlif valyutalara yatırım edərkən kifayət qədər araşdıma aparırlar: “Həmin mütəxəssislərin çoxunu mən tanıyıram, hamısı savadlı insanlardır. Milli Məclisdə biz də dəfələrlə bu məsələyə toxunmuşuq ki, vəsaitləri hansı valyutada saxlayaq ki, sonradan itki olmasın. Hazırda dünya iqtisadiyyatında vəziyyət elədir ki, heç bir məsələdə dəqiq proqnoz vermək olmur”.
İqtisadçı ekspert Natiq Cəfərli isə Neft Fondunun Çin yuanına yatırım etməsini əsassız və düşünülməmiş addım kimi qiymətləndirdi: “Neft Fondu vəsaitlərinin bir qismini Çin yuanında saxlaması ilə bağlı qərar verərkən, biz mətbuatda bildirmişdik ki, bu, çox riskli bir qərardır. Çünki, Çin iqtisadiyyatı nə qədər inkişaf etsə də, hələ də dövlət tənzimləməsi ilə idarə olunur və yuanın məzənnəsini də dövlət tənzimləyir. Çin dövlətinin nə zaman, nə qərar verəcəyini proqnozlaşdırmaq mümkün olmasa da, bu barədə dünya mətbuatında kifayət qədər məlumatlar var idi. Bu məlumatlarda da deyilirdi ki, Çin iqtisadiyyatında kifayət qədər ciddi problemlər var. Belə bir şəraitdə, Neft Fondunun riskləri hesablamadan bu qərarı verməsi, məntiqli deyildi. Təqribən 500 milyon dollara yaxın vəsaiti 2 milyarddan bir qədər çox Çin yuanına dəyişərək, saxlamaq və sonradan Çinin əmtəə bazarında, birjalarında fəaliyyət göstərməyi düşünürdülər. Hələ Neft Fondu heç bir əməliyyat aparmadan, Çinin son 3 gündə apardığı devalvasiya nəticəsində 22 milyon dollara yaxın itkiyə məruz qalıb. Çin bu addımı 3 mərhələdə atdı. Yəni, son 3 gündə birinci dəfə 1,9 faiz, ikinci dəfə 1,6 faiz, sonuncu dəfə dünən 1 faiz devalvasiyaya getməyə qərar verdi. İndi dünya mətbuatında ciddi proqnozlar dolaşır ki, Çin yuanı təqribən 10 faizə yaxın devalvasiyaya uğradancaq ki, bu, ixracatçılar üçün bir dəstək olsun. Çünki, Çin iqtisadiyyatında ixracat həddindən artıq azalıb. Buna görə də, bu tipli addımların davamlı olacağı ehtimalı çox yüksəkdir. Dövlət Neft Fondu düşünülmüş şəkildə qərar verməlidir ki, bəlkə də indi bu vəsaitləri dəyişərək bazardan çıxmaq daha sərfəli olacaq, nəinki gözləyərək daha çox itki ilə üzləşmək. Əgər həqiqətən Çin yuanı 10 faizə yaxın devalvasiyaya uğrasa, Neft Fondu təqribən 50 milyon manata yaxın vəsait itirəcək. Neftin qiymətinin də aşağı səviyyədə olduğu belə bir məqamda belə itkilər Azərbaycan iqtisadiyyatına, eləcə də Neft Fondunun aktivlərinə ciddi ziyan vurur”.
Ekspertin sözlərinə görə, Azərbaycan Dövlət Neft Fondunun bu illər ərzində yatırım etdiyi bütün vəsaitlər itkiyə məruz qalıb: “Son iki ildə DNF ən böyük yatırımlarından birini qızıla qoymuşdu. Qızılı alarkən dünya bazarında qızılın bir unsiyasının qiyməti 1400 dollar civarında idi, indi 1100 dollar civarına düşüb. Burada da ciddi itkilər var. Neft Fondu vəsaitlərinin təxminən 5 faizə yaxınını türk lirəsinə yatırım etmişdi. Lakin hazırda dünyada ən çox dəyərdən düşən 5 valyutadan ikisi rus rublu və türk lirəsi oldu. Bu məsələdə də Neft Fondu itki ilə üzləşdi. Daşınmaz əmlak bazarına qoyulan yatırımlarda da ciddi itkilər var. Bir faktı demək kifayətdir ki, Rusiyada Neft Fondunun 187 milyon dollara aldığı ticarət mərkəzi hazırda 60 milyon dollar civarındadır. Yəni, demək olar ki, yatırımların böyük əksəriyyətində itkilər var. Bu da Neft Fondunun orta və uzunmüddətə atdığı addımları planlaşdıra bilməməyindən xəbər verir və Azərbaycanın indiki durumu üçün xarakterik deyil”.
Dövlət vəsaitlərinin saxlanılması ilə bağlı xarici təcrübəyə toxunan Natiq Cəfərli bildirdi ki, dünya ölkələrinin neft fondları gələcəkdə daha çox gəlir gətirəcək qiymətli kağızlara yatırım etməyə üstünlük verirlər: “Bir çox ölkələrin fondları dünyanın ən böyük şirkətlərinin səhmlərini alırlar ki, bu da uzun müddətə xeyli gəlir gətirir. Təbii ki, bəzən itkilər qaçılmaz olur. Ancaq ümumilikdə daha çox gəlir əldə edirlər. Azərbaycan Neft Fondu da bu təcrübəni öyrənməli idi. Ancaq təəssüf ki, biz Neft Fondunun orta və uzunmüddətli planlarının həyata keçirilməsi ilə bağlı bir strategiya görməmişik. Bu durum da itkilərə gətirib, çıxarır”.

Bənzər yazılar