Avropa İttifaqının ( Aİ ) liderləri Ağ Evdə ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski ilə danışıqlarda hər birinə rol təyin edilmiş əvvəlcədən müəyyən edilmiş ssenari üzrə hərəkət ediblər.
Elchi.az xəbər verir ki, bu barədə “Agence France-Presse” mənbəyə istinadən məlumat yayıb.
“Danışıqlarda dalana dirənməmək üçün hər kəsin əvvəlcədən hazırlanmış rolu var idi. NATO-nun baş katibi Mark Rutte Donald Trampla uzun müddətdir əlaqələri olan müzakirələrin başlamasına cavabdeh idi”, – agentliyin mənbəsi bildirib.
Məlumata görə, Ağ Evə dəvət edilən liderlərin hər biri Ukrayna münaqişəsinin fərqli aspektini götürüb. Məsələn, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen emosional arqumentlərdən istifadə edərək ukraynalı uşaqların acınacaqlı vəziyyətindən danışıb.
Qeyd olunur ki, Aİ nümayəndələri Trampla söhbətində “atəşkəs” kimi ifadələrdən istifadə etməməyə çalışıblar və müzakirələrin diqqətini humanitar aspektlərə və Ukrayna üçün təhlükəsizlik təminatlarına yönəldiblər.
Qeyd edək ki, daha əvvəl Tramp Rusiya prezidenti Vladimir Putinlə Zelenski arasında şəxsi görüş üçün hazırlıqlara başladığını bildirib. Onun sözlərinə görə, iki ölkə liderlərinin təkbətək görüşündən sonra Trampın özünün də iştirak edəcəyi üçtərəfli danışıqlar baş tuta bilər.
Nuranə Məmmədova


















