İsraildə oktyabrın 27-nə təyin edilmiş ümumi seçkilər ərəfəsində açıqlanan son rəy sorğusuna əsasən, müxalifət bloku 120 yerlik parlamentdə 67 yer qazanaraq hakim koalisiyanı xeyli geridə qoyub.
Elchi.az xəbər verir ki, İsrailin “Kanal 12” telekanalında yayımlanan sorğu göstərir ki, Netanyahu əleyhinə olan blokdakı partiyalar Knessetdəki (parlament) 120 yerdən 67-sini əldə ediblər.
Müxalifət blokunun qazandığı yerlərin bölgüsündə 54 yer sionist partiyaların, 13 yer isə İsrailin fələstinli vətəndaşlarını təmsil edən partiyaların payına düşür.
Baş nazir Netanyahunun rəhbərlik etdiyi hakim koalisiya 49 yerdə qaldığı halda, “üçüncü düşərgə” adlandırılan qrup 4 yer qazanıb.
Oktyabrın 12-də yaşı 18 və daha yuxarı olan 509 nəfərlik təmsilçi qrup arasında keçirilən sorğuda maksimum xəta payı 4,4 faiz təşkil edib.
Ayzenkotun rəhbərlik etdiyi “Yaşar” Partiyası birinci yeri tutur
Partiyalar üzrə bölgüdə Qadi Ayzenkotun rəhbərlik etdiyi “Yaşar” Partiyası 23 yer qazanaraq birinci yeri tutub.
Netanyahunun rəhbərlik etdiyi “Likud” Partiyası əvvəlki sorğu ilə müqayisədə bir yer itirərək 20 yerdə qalıb.
Keçmiş Baş nazir Naftali Bennettin rəhbərlik etdiyi “Together” (Birlik) Partiyası 13 yerlə mövqeyini qoruyub, “Demokratlar” (Yair Qolanın rəhbərliyi ilə) və “Yisrael Beyteynu” (Aviqdor Libermanın rəhbərliyi ilə) isə hər biri doqquz yer əldə edib. İsrailin fələstinli vətəndaşlarını təmsil edən və Yusif Cabarinin rəhbərlik etdiyi “Birgə Siyahı” (Joint List) 8 yer qazanıb; həmçinin Arye Derinin rəhbərlik etdiyi ultra-ortodoks yəhudi (Haredi) partiyası “Şas” və İtamar Ben-Qvirin rəhbərlik etdiyi ifrat sağçı “Yəhudi Gücü” (Jewish Power) partiyası da hər biri 8 yer əldə edib. Yakov Aşerin rəhbərlik etdiyi “Birləşmiş Tora Yəhudiliyi” (United Torah Judaism) partiyası 7, Bezalel Smotriç və Moşe Feyqlinin rəhbərlik etdiyi “Dini Sionizm və Kimlik” (Religious Zionism and Identity) ittifaqı isə 6 yer qazandı.
Mansur Abbasın rəhbərlik etdiyi “Birləşmiş Ərəb Siyahısı” (Ra’am) 5 yer əldə etdi.
Beləliklə, İsrailin fələstinli vətəndaşlarını təmsil edən siyahıların parlamentdəki ümumi təmsilçiliyi 13 yerə çatdı.
Yoaz Hendel və Yaron Zelexanın rəhbərlik etdiyi “Ehtiyatda olan hərbçilər – İqtisadçı” (Reservists – Economist) siyahısı parlamentə daxil olan digər qrup oldu və 4 yer qazandı.
Şayəstə



















