Farsdilli kütləvi informasiya vasitələri Azərbaycan adını növbəti dəfə təhrif edib. Bu dəfə “Azadlıq” radiosunun fars bölümü olan “Radio Fərda” ölkənin adını yanlış təqdim edib.
Radio Bakı şəhərinin ətraf bölgələrində sahilə yaxın sularda balıqların kütləvi ölməsi barədə yaydığı xəbərdə “Azərbaycan Respublikası” əvəzinə “Bakı” ifadəsini işlədib.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verilən xəbərdə ölkənin adı təhrif olunub, “Bakının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” ifadəsi işlədilib.
Qeyd edək ki, bundan öncə də hökumətyönlü və müxalif fars dilli mətbuat orqanlarında dəfələrlə bu cür təhriflərə yol verilib.
Həmin mətbuat orqanları Şərqi və Qərbi Azərbaycan əyalətləri ifadəsi yerinə daha çox İranın Şimal, Qərb əyalətləri ifadəsini işlədiblər.
Qeyd edək ki, İranda “Azərbaycan” adına qısqanc yanaşma 1991-ci ildə Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra yaranıb.
O zamandan bu yana Tehran rejimi və radikal fars miliyyətçiliyinə yaxın fars dilli mətbuat addım-addım Azərbaycan adını Güney Azərbaycan əyalətlərinin üzərindən götürməyə çalışır, vaxtaşırı Azərbaycan Respublikasının adını təhrif olunmuş şəkildə təqdim edir.
Tehran hakimiyyətinin Qərbi Azərbaycana “Urmiyə əyaləti”, Şərqi Azərbaycana isə “Təbriz əyaləti” adı vermək istəyi var.
İran hakimiyyətini narahat edən Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuz qazanması, Qarabağ probleminin həlli də daxil olmaqla bir çox uğurlara imza atmasıdır.
Tehrandakı paniranist dairələr Azərbaycan Respublikasının güclənməsini, demokratik dövlətə çevrilməsini İran üçün təhlükə hesab edirlər.
Hesab olunur ki, bu, Güney Azərbaycan türkləri içərisində özünüdərk prosesinə müsbət təsir edə, Milli Hərəkatın yeni dalğasının başlanmasına səbəb ola bilər.