Rusiya və İndoneziya Yaxın Şərqdə gərginliyə son qoymaq istəyir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İndoneziya naziri Suqiono Yaxın Şərqdəki gərginliyi dialoq yolu ilə həll etməyə çağırıb.
Elchi.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Rusiyada səfərdə olan İndoneziya xarici işlər naziri Suqiono paytaxt Moskvada həmkarı Lavrovla görüşüb. İki nazir görüşdən sonra birgə mətbuat konfransı keçirib.
Görüşdə çıxış edən Lavrov İndoneziya ilə hərbi müdafiə, təhlükəsizlik və informasiya təhlükəsizliyi sahələrində əməkdaşlıq etmək niyyətində olduğunu bildirib. Lavrov İndoneziyaya enerji qaynaqları, kənd təsərrüfatı məhsulları və gübrələrin tədarükünü genişləndirməyə hazır olduqlarını bildirib və İndoneziyanın Avrasiya İqtisadi Birliyi (EAEU) ilə azad ticarət sazişi imzalamaq ümidini bölüşüb.
Lavrov İndoneziya ilə Asiya-Sakit okean regionunda vəziyyətin konstruktiv inkişafının tərəfdarı olduqlarını bildirib və İndoneziyanın BRİKS-də iştirakından məmnun olduqlarını bildirib. Nazir Lavrov, İndoneziyanın Yaxın Şərqdəki vəziyyət, Fələstin məsələsi və İsrailin İrana hücumu da daxil olmaqla bir çox beynəlxalq məsələlərə yanaşmalarının üst-üstə düşdüyünü ifadə edərək, "Beynəlxalq ictimaiyyət vəziyyəti sakitləşdirmək, gərginliyi azaltmaq və ortaya çıxan bütün məsələləri danışıqlar masası arxasında həll etmək üçün təşəbbüslər göstərməlidir" ,- deyib.
“Yaxın Şərqdəki gərginliyə son qoyulmalıdır”
İndoneziyanın xarici işlər naziri Suqiono da Rusiya ilə münasibətləri inkişaf etdirmək və əməkdaşlığı genişləndirmək istəklərini bildirib.
Suqiono Yaxın Şərqdəki vəziyyətə də toxunaraq, "Bizim buna reaksiya vermək lazımdır. Bölgədəki gərginliyə son qoyulmalı və bütün fikir ayrılıqları danışıqlar masası arxasında həll edilməlidir. Bu mövzuda Rusiya ilə həmfikirik" ,- deyib.
Nuranə Məmmədova