Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə razılaşma əldə etməyə hazır olduqlarını bəyan edib. O, söhbətin sadəcə atəşkəsdən deyil, hər iki tərəfin təhlükəsizliyini təmin edəcək sülh müqaviləsindən getdiyinə aydınlıq gətirib.
Elchi.az xəbər verir ki, dövlət televiziyası olan “Rossiya” kanalına açıqlamasında Putin, Ukrayna Prezidenti Vladimir Zelenskinin müsahibəsində səsləndirdiyi “ərazi itkisini qəbul etməyə hazır ola biləcəyi” barədə fikirlərinə toxunub.
Hazırda Rusiyanın nəzarətində olan ərazilərə istinad edən Putin deyib: “Bu, onların [Ukraynanın] torpağı deyil; bu, tarixi Rusiyanın torpağıdır. Üstəlik, bu ərazilərdə yaşayan insanlar əvvəlcə dövlət müstəqilliyi, daha sonra isə Rusiya Federasiyası ilə yenidən birləşmək üçün səs veriblər. Buna görə də, hər hansı bir ərazi ‘itkisi’ndən danışmağı yersiz hesab edirəm”.
Putin qeyd edib ki, bu vəziyyət müxtəlif sahələrdə, xüsusilə də Avropa ölkələrində Rusiyaya qarşı kampaniyanın güclənməsinə səbəb olub. O bildirib ki, həmin dairələr indi daim Rusiyadan gələn “təhlükə”dən danışır və ölkə ilə mümkün müharibəyə hazırlıqları müzakirə edirlər.
Rusiya Prezidenti bunu “siyasi şizofreniya forması” adlandırıb və əlavə edib: “Lakin ümid edirəm ki, bu da keçib gedəcək”.
Rusiyanı döyüş meydanında məğlub etməyin və ya ona “strateji məğlubiyyət” yaşatmağın qeyri-real olduğunu vurğulayan Putin, Rusiyanın məğlubiyyətini istəyənlərin zamanla “müasir həyatın reallıqlarını dərk edəcəklərinə və Rusiya ilə dostluq şəraitində yaşamağın daha yaxşı olduğunu anlayacaqlarına” inandığını ifadə edib.
Şayəstə





















