Böyük Britaniya hökuməti vətəndaşlara ekstremal hava hadisələri, kiberhücumlar və digər dövlətlər tərəfindən yarana biləcək təhlükəsizlik təhdidlərinə hazırlaşmaq üçün ən azı üç günlük ərzaq və su ehtiyatı toplamağı tövsiyə edib.
Elchi.az xəbər verir ki, hökumətin “Hazır olun” (“Be Ready”) kampaniyası çərçivəsində ailələrə təbii fəlakətlərə, kiberhücumlara və kritik infrastrukturda yarana biləcək fasilələrə qarşı hazırlıqlı olmaq çağırışı edilir.
Kampaniya çərçivəsində hər bir şəxsə müəyyən zəruri vasitələri, o cümlədən adambaşına 9 litr içməli su (üç gün ərzində gündə 3 litr hesabı ilə), uzun müddət xarab olmayan ərzaq məhsulları, ilk yardım ləvazimatları, fənər, adyal, nağd pul və batareya ilə işləyən radio ehtiyatı saxlamaq tövsiyə olunur.
Qeyd olunub ki, fövqəladə hallarda elektrik, su, telefon və internet xidmətlərində fasilələr yarana, həmçinin təchizat zəncirlərində pozuntular baş verə bilər.
“Təhdidlər sadəcə fərziyyə deyil, realdır.”
Böyük Britaniyanın səhiyyə və sosial qayğı naziri Wes Streeting, Telford şəhərindəki müdafiə sənayesi müəssisəsində çıxışı zamanı bildirib ki, ölkə təbii fəlakətlər, mürəkkəb kiberhücumlar və dövlət dəstəkli terrorizm kimi təhdidlərə qarşı daha yaxşı hazır olmalıdır.
Rusiyanın və digər düşmən dövlətlərin gündəlik həyatda istifadə olunan kritik infrastrukturu hədəf ala biləcəyi barədə xəbərdarlıq edən Streeting qeyd edib: “Bu təhdidlər sadəcə fərziyyə deyil, realdır. Onlar təkcə başqa yerlərdə deyil, getdikcə burada da özünü büruzə verir.”
Streeting ailələrin və müəssisələrin potensial böhranlara necə cavab verəcəklərini əvvəlcədən planlaşdırmalarının vacibliyini vurğulayıb. BBC-nin “Question Time” verilişində çıxış edən nazir, hökumətin məqsədinin ictimaiyyəti qorxutmaq olmadığını bildirərək deyib: “Biz insanların ayıq-sayıq olmasını istəyirik, lakin panikaya düşmələrini yox.”
Bu hazırlıqların konkret bir təhlükəyə qarşı cavab tədbiri olmadığını vurğulayan Streeting izah edib ki, ərzaq və su ehtiyatı toplamaq, məsələn, elektrik enerjisinin kəsilməsi və ya kiberhücumlar nəticəsində ödəniş sistemlərinin sıradan çıxması kimi hallarda faydalı ola bilər.
Böyük Britaniyanın təhlükəsizlik naziri Dan Jarvis də bildirib ki, sadə ehtiyat tədbirləri görməklə vətəndaşlar fövqəladə hallara cavab qruplarına və xilasedicilərə böhran zamanı köməyə daha çox ehtiyacı olan insanlara prioritet verməyə şərait yarada bilərlər. Jarvis hökumətin təşəbbüsünün ölkənin böhranlara qarşı dayanıqlılığını gücləndirmək məqsədi daşıdığını qeyd edərək, Fransa, İrlandiya və Niderlandda da oxşar hazırlıq kampaniyalarının aparıldığını əlavə etdi.
Dünya miqyasında çoxsaylı veb-saytlar tərəfindən istifadə olunan PHP proqramlaşdırma dilində kritik təhlükəsizlik boşluğunun aşkar edilməsindən sonra, Böyük Britaniyada dövlət xidmətlərinə aid 32 veb-sayt ehtiyat tədbiri olaraq fəaliyyətini dayandırdı.
Şayəstə



















