ABŞ Prezidenti Donald Tramp Venesuela ilə “əla” münasibətlərə malik olduqlarını və bu ölkədən xeyli miqdarda neft idxal etdiklərini bildirərək, Venesuelanın bir gün ABŞ-ın “51-ci ştatı”na çevrilə biləcəyini irəli sürüb.
Elchi.az xəbər verir ki, 3 noyabrda keçiriləcək Konqresə aralıq seçkiləri ərəfəsində Texasda seçki mitinqində çıxış edən Prezident Tramp xarici siyasət gündəliyinə toxunub.
Tramp ABŞ-ın Venesuela ilə “əla” münasibətlər saxladığını və bu ölkədən külli miqdarda neft aldığını qeyd edərək, bir sıra Amerika neft şirkətlərinin də orada böyük sərmayələr qoyduğunu əlavə edib.
Venesuelanın tezliklə firavan bir ölkəyə çevriləcəyinə inandığını ifadə edən Tramp deyib: “Bəlkə də yaxın gələcəkdə bura bizim 51-ci ştatımız olar. Bu mümkündür – gəlin bunu reallaşdıraq, gəlin onu 51-ci ştatımız edək. Prezident seçmək əvəzinə, qubernator seçək”.
İranla müharibə tezliklə bitəcək
İranla münaqişənin ABŞ tərəfindən deyil, 1978-ci ildə İran tərəfindən başladıldığını iddia edən Tramp, bir çox amerikalı əsgərin ölümünə görə İran hakimiyyətlərinin məsuliyyət daşıdığını bildirib.
İranın nüvə silahına sahib olmasının qarşısını almaq müqabilində yüksək neft və yanacaq qiymətlərinin “ödəniləcək çox kiçik bir bədəl” olduğunu vurğulayan ABŞ Prezidenti deyib: “Bu müharibə tezliklə bitəcək; onların nə ordusu, nə hərbi dəniz qüvvələri, nə də başqa heç nələri qalıb”.
ABŞ-da yanacaq qiymətlərinin tezliklə kəskin şəkildə düşəcəyini vəd edən Tramp, İranla bağlı siyasətinin Konqres seçkilərinə mənfi təsir göstərməyəcəyini gözlədiyini əlavə edib.
Tramp xatırladıb: “Dünən kimsə məndən soruşdu: ‘Əgər hər şeyi yenidən etməli olsaydınız, yenə İrana hücum edərdinizmi?'”. O, buna cavab olaraq: “Əlbəttə; bu, indiyə qədər etdiyim ən yaxşı işlərdən biri idi”, – deyə bildirib.
Şayəstə



















