Rubio bildirib ki, ABŞ-ın dəstəyi olmasaydı, Ukrayna mövcud olmazdı.
Elchi.az xəbər verir ki, Vaşinqtonun və prezident Donald Tramp administrasiyasının yardımı olmasaydı, Ukrayna mövcudluğunu itirərdi. “Bloomberg”in məlumatına görə, ABŞ Dövlət katibi Marko Rubio Hindistana səfəri zamanı jurnalistlərə açıqlamasında bunu bildirib.
O, Vaşinqtonun Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsini və ya hərbi dəstəyi qəsdən dayandırdığı barədə iddiaları təkzib edib.
“Əgər Birləşmiş Ştatların – o cümlədən Tramp administrasiyası dövründəki – yardımı olmasaydı, bu gün Ukrayna mövcud olmazdı. Suveren dövlət kimi Ukrayna var olmazdı”, – deyə Rubio bildirib. O, “SpaceX”in təsisçisi İlon Maskın Ukraynada “Starshield” peyk rabitə sisteminin məhdudlaşdırılmasında iştirak etdiyinə dair mətbuat xəbərlərini şərh edərkən belə deyib.
Ötən həftə “The Washington Post” qəzeti yüksək rütbəli bir ukraynalı hərbi müşavirə istinadən xəbər verib ki, Ukraynanın “Starlink”ə çıxışının elan edilmədən məhdudlaşdırılması Kiyevin ABŞ tərəfindən kəşfiyyat məlumatlarının verilməsi və hərbi yardımın göstərilməsi ilə bağlı narahatlığını artırıb.
Şayəstə





















