İddia olunur ki, amerikalı milyarder İlon Mask Ukrayna ordusuna “Starlink” vasitəsilə təqdim olunan internet xidmətinin sürətinin azaldılmasına dair əmr verib.
Elchi.az xəbər verir ki, məsələdən xəbərdar olan mənbələr “The Wall Street Journal” (WSJ) qəzetinə bildiriblər ki, Mask özünə məxsus olan “SpaceX” şirkətinə Ukraynadakı “Starlink” peyk sisteminin sürətini azaltmaq barədə göstəriş verib.
Mənbələrin iddiasına görə, ötən həftə Mask peyk şəbəkəsinə qoşulmuş, Ukrayna istehsalı olan avadanlıqların bağlantı sürətinə məhdudiyyətlər tətbiq edib. Bu isə bəzi hücum və ələ keçirici dronları faktiki olaraq yararsız hala salıb.
Mənbələrdən ikisi bildirib ki, sürətin azaldılması faktı ictimailəşdikdən qısa müddət sonra Mask və ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu barədə telefon danışığı aparıblar. Digər bir mənbə isə iddia edir ki, onlar bu məsələni hətta “Starlink”in sürətini azaltmaq qərarı verilməzdən əvvəl müzakirə ediblər.
Məsələ ətrafında qalmaqal böyüdükcə, “SpaceX” nümayəndələrinin Ağ Evdəki həmkarları ilə əlaqə saxladıqları və ortaq bir mövqe formalaşdırmağa çalışdıqları bildirilir. Belə ki, onlar Maskın göstərişindən əvvəl şirkət ilə Tramp administrasiyası arasında koordinasiya olduğunu irəli sürüblər. Mənbələr qeyd ediblər ki, Mask sürət məhdudiyyətlərini tətbiq etməzdən əvvəl Tramp da daxil olmaqla, bir sıra yüksək vəzifəli şəxslərlə məsləhətləşib.
Daha əvvəl verdiyi açıqlamada Tramp, Ukrayna ordusuna təqdim olunan “Starlink” internet xidmətinin dayandırılması və ya sürətinin azaldılması barədə əmr verdiyinə dair xəbərləri təkzib etmişdi.
Mask isə öz növbəsində bildirmişdi ki, “Starlink” peyk şəbəkəsinin hərbi versiyası olan “StarShield” sistemləri tamamilə ABŞ hökumətinin nəzarətindədir və sürət və ya istifadə ilə bağlı hər hansı məhdudiyyət son nəticədə ABŞ Prezidenti tərəfindən müəyyən edilir.
Şayəstə





















