Dağlıq Qarabağla bağlı ilginc iddia
“Problem yaxın 5 ildə həllini tapacaq, ancaq Avrasiya layihələri çərçivəsində...”; moskvalı ekspertə görə, Bakı ABŞ-la dostluqda ehtiyatlı olmalıdır, çünki Birləşmiş Ştatlar istənilən müttəfiqə “ata” bilər"; Vaşinqtonun isə Qarabağa dair xüsusi tapşırığı var...
2014-cü il ATƏT-in Minsk Qrupunun fəaliyyətində yəqin ki, ən ölgün və səmərəsiz bir dövr kimi qalacaq. Şübhə yox ki, danışıqlar prosesinə Qərblə Rusiya arasında Ukrayna uğrunda gedən mübarizə, ölkənin şərqində səngimək bilməyən qanlı proseslər öz təsirini göstərir. Ancaq məsələ ondadır ki, Ukrayna böhranına qədər də həmsədrlər sülh danışıqlarında bütün tərəfləri qane edən, ədalətli həll variantı ortaya qoya bilməyiblər.
İndi isə Qarabağ ixtilafının dinc yolla yolun qoyilmasına məsul olan iki əsas güc mərəzi - Rusiya və Qərb (ABŞ, Avropa) arasında münasibətlər qat-qat gərgindir, hətta faktiki, soyuq müharibə dövründəkinə yaxındır. Belə bir situasiyada Qarabağ münaqişəsini nə gözləyir? Nikbinliyə hansısa əsaslar varmı, görünürmü? Sülh danışıqları nə vaxt dalandan çıxarılacaq?
Durumu vesti.az portalına şərh edən “Odnako” nəşrinin siyasi şərhçisi İvan Lizanın yaranmış vəziyyətdə Qarabağ nizamlanmasına dair effektli formul tapılacağına inanmadığını deyib. Onun qənaətincə, mövcud geosiyasi reallıqlar fonunda problemin necə yoluna qoyulacağı ağla sığmır: “Ancaq həm Azərbaycanın, həm də Ermənistanın önəmi nəzərə alınarsa, güman edirəm ki, regionun taleyinin həllində ”ya bizə, ya da sizə" maksimalist yanaşmasından çıxış eləmək yox, hansısa aralıq, neytral bir qərara gəlmək lazımdır. Ancaq bu qərar necə olmalıdır və necə tərtib edilməlidir - birmənalı söyləməkdə çətinlik çəkirəm. Düşünürəm ki, Dağlıq Qarabağ məsələsi xeyli dərəcədə yaxın 5 ildə öz həllini tapacaq".
Analitik problemin həllində Azərbaycanın istinad elədiyi Türkiyə amili ilə bağlı maraqlı, eyni zamanda mübahisə doğura biləcək fikir də söyləyib. Sitat: “Azərbaycanın son 20 ildə oriyentasiya etdiyi Yaxın Şərq və Türkiyə gərginlik zolağına daxil olub. Bu gərginliyi Türkiyə adlamaya bilər. Nəzərə alsaq ki, kürdlər fəallaşıblar və referendum keçirərək müstəqilliklərini elan eləmək niyyətindədirlər, yəni xəritədə müstəqil ”Kürdüstan" peyda ola bilər, bütün bunlar Türkiyə kürdlərini xeyli aktivləşdirəcək və Türkiyəni zəiflədəcək".
Bu xüsusda ekspert hesab edir ki, bundan sonra Azərbaycana “zəifləyən Ankaranın mövqeyinə istinad eləmək”, sadəcə, təhlükəli olacaq: “ABŞ-la dostluq da həmçinin qorxuludur, çünki Birləşmiş Ştatlar istənilən müttəfiqə ”ata" bilər". O üzdən Azərbaycan üçün yeni, ayaqlar üstdə möhkəm duran müttəfiq axtarıb tapmaq vacibdir. Düşünürəm ki, Avrasiya İttifaqı həmin vaxta məhz belə bir müttəfiq qismində olacaq. Əminəm ki, Qarabağ problemini azərbaycanlılarla ermənilər arasında münasibətləri qəti və geridönməz şəkildə pozmadan məhz Avrasiya inteqrasiyası çərçivəsində həll eləmək mümkündür. Özü də təkcə bir on illik ərzində yox".
Rusiyalı şərhçiyə görə, inteqrasiya Dağlıq Qarabağ məsələsində öz maraqlarını güdən və ondan Güney Qafqazda sabitsizlik ocağı kimi istifadə edən qüvvələri bölgədən çıxarmağa, konfliktin həllində yeni forma və formatları işləyib hazırlamağa, ziddiyyətləri azaltmağa, yekun olaraq ixtilafı kompromislər əsasında çözməyə imkan verəcək: “Hər halda, bu, azərbaycanlılar və ermənilərin bir-birinə avtomat nişangahının kəsiyindən baxmasından daha yaxşıdır”.
***
Rusiyalı şərhçinin fikirləri söz yox ki, ilk növbədə təmsil elədiyi dövlətin - Rusiyanın maraqlarından qaynaqlanır və xeyli dərəcədə subyektivdir, birtərəflidir. Ona görə ki, Qarabağ münaqişəsindən yararlanaraq Güney Qafqazda illəridr sabitsizlik yaradan, ixtilafın həllinə mane olan əsas qüvvə məhz Rusiyanın özüdür. Hər halda, 21 ildi əlində müstəsna imkanlar ola-ola Moskva konfliktin nizamlanmasına heç bir maraq göstərməyib, töhfə və dəstək verməyib. Belədirsə, bunu onun Avrasiya Birliyi çərçivəsində edəcəyinə yalnız sadəlövhlər inana bilər.
ABŞ-a gəlincə, indiyədək onun öhdəsində həll üçün Rusiya qədər imkan və rıçaq olmayıb ki, irad tutmaq mümkün olsun ki, onlardan Vaşinqton da sırf öz maraqları naminə faydalanmağa çalışır. Fakt budur ki, Birləşmiş Ştatlardan ötrü Qarabağ problemi prioritet olmasa da, münaqişənin yoluna qoyulmasına Ağ Ev vaxtaşırı praktik səylər göstərir, təkliflər irəli sürür. Prezidentlərin birbaşa görüş təklifi də ilk olaraq Minsk Qrupunun Birləşmiş Ştatlardan olan həmsədri Ceyms Uorlik tərəfindən səslənib və müdafiə olunmaqdadır.
Bu arada isə ABŞ-ın dövlət katibi Con Kerri Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi ilə bağlı xarici ölkələrdəki diplomatlarına xüsusi tapşırıq verib. Məlumatı ABŞ-ın İrəvandakı səfiri Con Heffer jurnalistlərə açıqlaması zamanı verib. Səfir ATƏT-in Minsk Qrupunun fəaliyyəti çərçivəsində münaqişənin həlli ilə bağlı diplomatik missiyalarını davam etdirdiklərini vurğulayıb: “Con Kerri bizə Qarabağ münaqişəsinin həllində sülh yolunu axtarıb tapmağı tapşırıb”, - deyə o, qeyd edib.
Diplomat münaqişənin həlli ilə bağlı yaxın günlərdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərin baş tutmasına ümid etdiklərini də söyləyib. Qeyd edib ki, ATƏT həmsədrləri münaqişənin sülh yolu ilə həll edilməsi barədə qəbul etdikləri qərarın üzərində dururlar: “Münaqişənin həlli üçün tək yol sülh danışıqlarıdır”.
***
Doğrudur, Qarabağa məsələsinə yanaşmada Qərbin, Birləşmiş Ştatların da ikili münasibəti hiss olunur. Ən azından, Vaşinqton Krımın birmənalı şəkildə Rusiya tərəfindən ilhaq edildiyini bildirib “Krımın işğalı ilə heç vaxt barışmayacağıq”, - deyə bəyan eləsə də, analoji ədalətli münasibət Qarabağ məsələsinə yanaşmada özünü göstərmir; “Dağlıq Qarabağ da zəbt edilib” qismində bəyanatlar səslənmir, Ermənistan təcavüzkar ölkə kimi barmaqla göstərilmir. İrəvana qarşı sanksiyalar məsələsi isə ümumiyyətlə, heç vaxt gündəmdə olmayıb, yoxdur.
Əksinə, Krıma, onun əhlisinə cürbəcür embarqolar, qadağalar, maliyə sanksiyaları tətbiq edən ABŞ və Avropa separatçı Dağlıq Qarabağ rejiminə hər il maliyyə-humanitar yardımları edir, Azərbaycan konstitusiyasını tanımayan bir ovuc ermənini yaddan çıxarmır, problemin həll variantlarında onlara öz müqəddəratını təyinetmə haqqı tanıyan bənd pərçim eləməyə çalışır.
Bu mənada rusiyalı politoloqun xəbərdarlığında həqiqət payı da var. Bu o anlama gəlir ki, Azərbaycan əslində iki pisdən ən yaxşısını seçmək, eyni zamanda hər mənada güclənmək zorundadır.