Almaniyada çevriliş planı...

🗓 23.11.2023 14:41 ✍️ "Elçi" qəzeti
Almaniyada çevriliş planı...
Almaniyada dövlət çevrilişi planlaşdırmaqda ittiham olunan “İmperator vətəndaşları”na qarşı 8 ştatda reyd keçirilib. Elchi.az xəbər verir ki, Almaniyada dövlət çevrilişi planlaşdırdığı iddia edilən “İmperator vətəndaşları” (Reyxsbürger) üzvlərinə qarşı aparılan istintaq çərçivəsində 280 yerə basqın edildiyi bildirilib. Münhen Prokurorluğu və polisin verdiyi açıqlamaya görə, 8 ştatda eyni vaxtda keçirilən reydlərdə axtarışlar zamanı bu təşkilatla əlaqəli şəxslərə qarşı dəlillər toplanıb. Münhen Prokurorluğunun təlimatı ilə həyata keçirilən reydlərdə şübhəlilərin Bavariya, Baden-Vürtemberq, Hessen, Şimali Reyn-Vestfaliya, Şlezviq-Holşteyn, Brandenburq, Hamburq və Aşağı Saksoniyada 280 yeri axtarılıb. Dövlət çevrilişinə cəhddə ittiham olunaraq istintaqa cəlb olunan müttəhimlər cinayət təşkilatı yaratmaqda şübhəli bilinirlər. 2022-ci ilin dekabrında keçirilən əməliyyat zamanı ələ keçirilən və hələ də həbsdə olan müttəhimlərin “terror təşkilatına üzv olmaq” və ya “terror təşkilatına dəstək vermək” ittihamı ilə mühakimə olunacağı gözlənilir. Daxili kəşfiyyat hesabatına görə, özünü “Alman İmperiyasının (Reyxsbürger) vətəndaşları” hesab edənlərin sayı 23 min civarındadır. 2100 üzvü zorakılıq tətbiq etməyə hazır olan qrup Almaniyanı legitim dövlət kimi tanımır. Üzvlərin bəziləri monarxiya altında Almaniya imperiyası ideyasına sadiqdirlər, bəziləri isə nasist tərəfdarıdır. Bəzi üzvlər hesab edir ki, Almaniya hələ də hərbi işğal altındadır. Nuranə Məmmədova

Bənzər yazılar