Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məqsədi ilə xarici mütəxəssislərin cəlb edilməsini planlaşdırır.
Elchi.az-ın “Ukranews.com” saytına istinadən xəbərinə görə, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin mətbuat xidmətinin rəhbəri Olqa Kozak məlumat verib.
O, xüsusilə də Kiyev regionuna xarici mina mütəxəssislərinin cəlb edilməsinin nəzərdə tutulduğunu qeyd edib. Əlavə edib ki, mütəxəssislər müxtəlif ölkələrdən, eləcə də Avropa və ABŞ-dan olacaq.
Qeyd edək ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti minaların təmizlənməsi prosesi davam etdirildiyi üçün sakinləri işğaldan azad edilmiş yaşayış məntəqələrinə qayıtmamağa çağırıb.
Ukrayna Baş Qərargahı Kiyevin azad edilmiş ərazilərində yaşayış binalarının minalanması hallarına tez-tez rast gəlindiyini bildirib.