Almaniyada bir qadın qatarı tərk etməkdən imtina edib və polisi dişləyib.
Elchi.az xəbər verir ki, bu barədə “News.de” nəşri yazıb.
Belə ki, uzaqməsafəli qatarın bələdçisi sərnişin qadına səfəri davam etdirməyi qadağan edib və ondan vaqondan çıxmasını xahiş edib. Qadın bundan imtina etdikdən sonra dəmir yolu əməkdaşı federal polisi çağırıb.
Hadisə yerinə gələn polis əməkdaşları sərnişindən dəfələrlə qatardan düşməyi tələb etsələr də, o, müqavimət göstərməyə davam edib və polis əməkdaşlarını irqçilikdə ittiham edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qadını məcburi qaydada vaqondan çıxarmaq qərarına gəldikdə, o, müqavimət göstərərək polisdən birinin qolunu iki dəfə dişləyib.
Sərnişinin qollarına qandallarla vurularaq polis bölməsinə aparılıb. Ona qarşı polis əməkdaşına müqavimət göstərmə və hücum etmə, bədən xəsarəti yetirmə, qanunsuz olaraq ərazidə qalma və təhqir maddələri də daxil olmaqla bir neçə maddə üzrə təhqiqat başladılıb.
Xəsarət alan polis əməkdaşı qoruyucu əlcəklərə baxmayaraq qolundan yüngül zədə alıb. Tibbi yardım göstərildikdən sonra o, xidmətini davam etdirə bilib.
Məryəm





















