Rusiya: Ukraynada 6 yaşayış məntəqəsi ələ keçirilib

🗓 20.06.2025 17:10 ✍️ "Elçi" qəzeti
Rusiya: Ukraynada 6 yaşayış məntəqəsi ələ keçirilib


Rusiya Müdafiə Nazirliyi ötən həftə Ukraynanın Sumı, Xarkov və Donetsk vilayətlərində 6 yaşayış məntəqəsini nəzarətə götürdüklərini bildirib.
Elchi.az  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Açıqlamada bildirilib ki, həftə ərzində Ukraynanın hərbi sənaye elementlərinə yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib. Qeyd olunub ki, bu hücumlarda Ukraynanın hərbi sənaye müəssisələri, yanacaq-energetika infrastrukturu obyektləri, hava hücumundan müdafiə radar stansiyaları, sursat anbarları, İHA istehsal və anbar mərkəzləri, Ukrayna əsgərləri və xarici muzdluların müvəqqəti yerləşdirildiyi məntəqələr vurulub.
Bəyanatda Rusiya qüvvələrinin Donetsk və Dnepr bölgələrində irəliləyişlərini davam etdirdiyi, son bir həftədə Ukraynada 6 yaşayış məntəqəsinin Rusiya ordusu tərəfindən ələ keçirildiyi qeyd edilib.
“ Sumı vilayətində Novonikolayevka, Xarkov vilayətində Moskovka və Dolqonkoye, Donetsk Xalq Respublikasının Zeleni Kut, Ulyanovka və Novonikolayevka yaşayış məntəqələri azad edilib”, - məlumatda deyilir.
Bildirilib ki, həmin dövrdə Ukraynaya məxsus 1190 PUA Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib, onlardan 562-si cəbhədən kənarda vurulub.
Nazirliyin açıqlamasında həmçinin bildirilir ki, müharibənin əvvəlindən indiyədək Ukrayna ordusuna məxsus 663 təyyarə, 283 helikopter, 64 mindən çox PUA, 611 hava hücumundan müdafiə raket sistemi, 24 minə yaxın tank və zirehli texnika, 1572 reaktiv yaylım atəşi sistemi, 26 min 413 haubitsa və minaatan məhv edilib.

 

Nuranə Məmmədova

 

Bənzər yazılar