Kino dünyasının ən nüfuzlu təşkilatı olan Oskar mükafatları yarım əsrlik televiziya ənənəsinə son qoymaq və rəqəmsal dövrə tam uyğunlaşmaq qərarına gəlib.
Elchi.az xəbər verir ki, Kino Sənətləri və Elmləri Akademiyası çərşənbə günü 2029-cu ildən başlayaraq mərasimlərin qlobal yayım hüquqları üçün YouTube ilə çoxillik müqavilə imzaladığını açıqladı.
Müqaviləyə əsasən, 101-ci Oskar Mükafatları ilə başlayacaq proses 2033-cü ilə qədər davam edəcək. Həmin tarixdən etibarən mərasimi YouTube-da canlı və pulsuz olaraq bütün dünyada izləmək mümkün olacaq. Təxminən 50 ildir mərasimi yayımlayan ABC, 2028-ci ildə 100 illik yubiley xüsusi mərasimi ilə Oskar yayımlarına vida edəcək.
Məqsəd: Qlobal auditoriyaya çatmaq
Akademiya baş direktoru Bill Kramer və prezident Linet Hauell Teylor birgə bəyanatda Akademiyanın beynəlxalq bir təşkilat olduğunu vurğuladılar. Rəsmilər bu tərəfdaşlığın Akademiyanın işinin dünya miqyasında mümkün olan ən geniş auditoriyaya çatmasını təmin edəcəyini bildiriblər və əlavə ediblər ki, bu qərar həm üzvlərə, həm də kino ictimaiyyətinə fayda verəcək.
Mükafatlandırma mərasimlərinə gələn izləyicilərin sayı illər ərzində azalsa da, 2025-ci ildə gənc izləyicilərin, xüsusən də mobil telefonlar və kompüterlər vasitəsilə izləyənlərin sayında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunub. YouTube-un baş direktoru Neal Mohan Oskar mükafatlandırma mərasimini “əsas mədəni qurumlardan biri” adlandıraraq, bu əməkdaşlığın yeni nəsil yaradıcılara və filmsevərlərə ilham verəcəyini qeyd edib.
Şayəstə





















