Fransa Xarici İşlər Nazirliyi (XİN) ölkədə şagirdlərin və məktəb işçilərinin etiraz aksiyaları ilə bağlı Tehranın dezinformasiya yayması ilə əlaqədar İran səfirini XİN-ə çağırıb.
Elchi.az “France24″ə istinadən xəbər verir ki, bu barədə Fransa XİN-in mətbuat katibi Paskal Konfavrönün bəyanatında bildirilib.
“Səfirə İran Xarici İşlər Nazirliyinin rəsmi hesabları vasitəsilə internetdə yalan məzmunun yayılmasının tamamilə qəbuledilməz olduğu bildirilib”, – bəyanatda vurğulanıb.
O, həmçinin qeyd edib ki, Fransa səfirinin oktyabrın 6-da İran XİN-ə çağırılması əsassız olub.
“Bu nalayiq təxribatlara son qoyulmalıdır”, – Konfavrö deyib.
Daha əvvəl Fransanın Tehrandakı səfiri Pyer Koşar, Fransa hakimiyyətinin etiraz edən şagirdlərə və məktəb işçilərinə qarşı sərt addımlarının insan hüquqlarının pozulması kimi qiymətləndirilməsi ilə əlaqədar İran XİN-ə çağırılıb.





















