Fransa Kənd Təsərrüfatı Nazirliyi ölkədə üzüm bağlarının istilərdən və quraqlıqdan zərər çəkməsindən sonra şərab istehsalının həcminin son 70 ilə yaxın dövrün ən aşağı səviyyəsinə düşəcəyini proqnozlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə Fransanın müvafiq qurumunun hesabatında bildirilir. “Bloomberg” agentliyinin verdiyi məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi yay sonundakı yağışların istehsal perspektivlərini sentyabr proqnozları ilə müqayisədə bir qədər yaxşılaşdırmasına baxmayaraq, bu il istehsal həcminin təxminən 35 milyon hektolitr təşkil edəcəyini qeyd edib.
Bu göstərici keçən illə müqayisədə 2% az, son beş ilin orta göstəricisindən isə 14% aşağıdır.
Buna görə də, buillik məhsuldarlığın əlverişsiz hava şəraitinin 1957-ci ildən bəri ən aşağı istehsal səviyyəsinə səbəb olduğu 2024-cü illə müqayisədə daha pis olacağı vurğulanır.
Fransa yay ərzində üç dəfə isti dalğası yaşayıb. Cənub bölgələrində bir çox yerlərdə meşə yanğınlarının söndürülməsi işləri aparılıb. Fransanın kiçik çaylarında və irmaqlarında suyun səviyyəsi iyulun sonuna olan vəziyyətə görə ilin bu dövrü üçün tarixi minimuma çatıb.
Fransanın ətraf mühit naziri Monik Barbü quraqlığın ölkəyə vurduğu ziyanın 10-15 milyard avro təşkil edəcəyini proqnozlaşdırıb.
Məryəm





















