“Niyaməddin Orduxanlının bütün nəsli bu dövləti qoruyanda, həmin adamların çoxu isti yataqlarında mışıl-mışıl yatırdılar” - millət vəkili

“Cinayət Məcəlləsinin 212-ci maddəsinə edilən əlavə ilə bağlı fikrimi bildirmək istəyirəm. Söhbət ondan gedir ki, hakim, səlahiyyətli şəxs cinayət əlamətləri aşkar etdikdə bu barədə xüsusi qərardad qəbul edirlər və məhkəmədə olan materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərirlər. Yəni, bu qanuna çox mütərəqqi bir əlavədir, ona görə ki, qəbul olunmuş qərarların qanunauyğunluğu yoxlanılır və həm də ibtidai araşdırmaya prosessual nəzarəti həyata keçirən orqan da bu barədə məlumatlandırılır”.
Elchi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Mülki Prosessual Məcəllə, Cinayət-Prosessual Məcəllə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihələrinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib: “Bu qanunla əlaqədar olaraq çox vacib bir məsələyə də toxunmaq istəyirəm. Bundan öncə də söylədim ki, bir çox hallarda qəbul etdiyimiz qanunların icra olunmamasına rast gəlirik.
Ədliyyə Nazirliyi ilə bağlı bir məsələyə diqqət yetirmək istəyirəm. Ədliyyə Nazirliyi ölkədə hüquq siyasətinin müəyyənləşməsində və həyata keçirilməsində iştirak edən orqandır. Məhkəmə-hüquq islahatlarında bu qurumun xüsusi rolu olmalıdır. Bu yaxınlarda mən, tükürpədici bir hadisə ilə rastlaşdım. Yəqin çoxunuz tanıyırsınız, ölkənin ictimai-siyasi həyatında kifayət qədər fəal olan mənim müavinim Niyaməddin Orduxanlının qardaşı həbsxanada dünyasını dəyişdi. O, narkotiklərdən istifadə etdiyinə görə, onun üzərində daxili işlər orqanları tərəfindən 0,2 qram miqdarda narkotik maddə aşkar edilmişdi. Bu, şəxsi istehlakdan artıq olduğuna görə, ona məhkəmə 1 il 6 ay cəza təyin eləmişdi.
O, müharibə veteranı idi və Qarabağın azadlığı uğrunda Birinci Qarabağ müharibəsində xüsusilə Ağdərənin azad olunmasında yaxından iştirak etmişdi. Niyaməddin Orduxanlının 7 qardaşı var. Birinci Qarabağ savaşında onun 5 qardaşı iştirak edib. Onun özü də 9-cu sinifdə oxuyarkən evdən qaçaraq Qarabağa döyüşməyə gedib, yeniyetmə olduğu üçün geri qaytarıblar.
Daxili işlər orqanları istintaq zamanı onun barəsində həbs qəti-imkan tədbiri seçməyib. Onun kimliyi araşdırılıb və bəlli olub ki, bu adam müharibədən sonra iş dalınca Rusiyaya gedib, orada da uğursuzluqlarla üzləşib. Çox təəssüf ki, narkotikaya qurşanıb və Bakıya gələndən sonra da dəfələrlə bundan imtina etməyə çalışıb, amma o asılılıqdan qurtula bilməyib. Və istintaq orqanı onun 3 uşağının və ailədə yeganə gəlir gətirən şəxs olmasını nəzərə alaraq, barəsində həbs qəti-imkan tədbiri seçilməyib. Alternativ sanksiyalı cinayətdə ittiham olunub.
Amma bizim “humanist” məhkəməmiz ona-3 uşaq atasına və ailənin yeganə gəlir gətirən şəxsinə, müharibə veteranına 1 il 6 ay cəza təyin edib”.
Millət vəkili əlavə edib: “O gün cənazəni Niyaməddin Orduxanlının əmisinin həyat yoldaşı olan Ülkər Orduxanlı adlı bir xanım da daşıyırdı. Bunu niyə xüsusi vurğulamaq istəyirəm?
Sürət Hüseynov mərhum Prezident Heydər Əliyevə qarşı qiyam qaldrıanda Ülkər Orduxanlı orada dedi ki, qadınlar gecə Mehdiabaddan başıaçıq, ayaqyalın Heydər Əliyevi müdafiə etmək üçün gəliblər. Həmin mitinqdə mən də iştirak edirdim. Mən açıq söyləyirəm, Heydər Əliyev müraciət edəndə mən də AXC-dən başqa bir şöbə müdirinə zəng elədim, maşınımın qarşısında başqa bir maşın saxladığı üçün, 3-cü mikrorayondan mən də həmin tədbirə piyada gəlmişdim.
Həmin xanım orada o qadın çıxış elədi, onun-yəni Niyaməddin Orduxanlının əmisinin oğlu şəhid olmuşdu.. Dedi ki, mənim 1 oğlum Azərbaycanın torpaqları uğrunda şəhid olub, 2 oğlum qalıb və 2 oğlum da qoy Azərbaycanın müstəqilliyini qorunması uğrunda qurban getsinlər. Dedi ki, mən şəhid ailələrinə qadınlara müraciət edirəm ki, Heydər Əliyevə dəstək olun. Heydər Əliyev özü bu barədə danışıb. Onunla bağlı çəkilən bütün filmlərdə bu var. Amma onun oğlunun ölüm günü, Niyaməddin Orduxanlının da qardaşının cənasəsi gəldi”.
Millət vəkili diqqətə çatdırıb: “Hörmətli sədr, bu ürəkağrıcıdı bir məsələdir, bu, hamımıza aiddir. Niyaməddin Orduxanlı mənim yanıma gələrək, qardaşının ölüm ayağında olduğunu bildirdi. Həkim zəng edib dedi ki, onun cəmi 1 ay ömrü qalıb.
Jurnalist Əvəz Zeynallı 9 il azadlıqdan məhrum olunmuşdu, onun səhhətində problem yarananda onu buraxdılar ki, getsin müalicə olunsun. Çoxları da bunu müsbət qarşılamışdı.
Amma Niyaməddin Orduxanlının qardaşı nə ağır, nə xüsusilə ağır cinayətə görə məhkum olunmamışdı, özü də o, müalicə olunmaq üçün buraxılmırdı. O buraxılmalı idi ki, sadəcə 3 uşağının, ailəsinin, yaxınlarının əhatəsində dünyasını dəyişsin. Bir nəvəsi də dünyaya gəlmişdi, onunla da görüşə bilmədi. Mən, ədliyyə nazirinin müavini Abiddin Hüseynova zəng elədim və söylədim ki, Abiddin müəllim, bu adamın 1 ay ömrü qalıb, onu buraxın gəlsin ailəsinin yanında canını tapşırsın. Dedi ki, bunun üçün bizim xüsusi qaydalarımız var, dedim ki, onda araşdırın, xahiş edirəm çalışın bu adamı buraxın, dedi ki yaxşı. Bir həftə keçdi Niyaməddin Orduxanlı gəldi ki, qardaşımın vəziyyəti çox ağırdır. Mən zəng elədim ki, bu adam artıq yemək yeyə bilmir, onu buraxmaq lazımdır. Bu adam bir dənə arayış istəyir, ona xəstəliklə bağlı arayış verin ki, o məhkəməyə müraciət edə bilsin. Dedilər yox, biz o arayışı verə bilmərik. İkinci dəfə zəng elədim, dedi ki, Qüdrət müəllim, bizdə siyahı var, gərək o siyahıya düşə, bunun üçün xüsusi komissiya olmalıdır. Dedim onda toplayın o komissiyanı, bu adam ölür axı. Qanunla bu, bunun səlahiyyətidir, mən qanunsuz heç nə xahiş etmirəm sizdən. Bir həftə də gözlədim, gördüm məlumat yoxdur. Prezidentin köməkçisi, Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova zəng elədim. Sağ olsun başqalarından fərqli olaraq o heç olmasa telefonu açdı və söz verdi ki, bu məsələ ilə maraqlanacaq.
Mən inanmıram ki, o səviyyədə olan şəxs mənə yalandan belə bir söz versin. Yəqin ki, onu da eşitmədilər. Və Niyaməddin Orduxanlının qardaşına 4-cü dərəcəli xərçəng xəstəsi olduğu halda məktubu vermədilər və həbsxanada dünyasını dəyişdi.
Niyaməddin Orduxanlının əmisi oğlu şəhid olub, qardaşı uşaqları II Qarabağ savaşında vuruşub.
Hörmətli sədr, mən bunu ona görə söyləyirəm ki, Niyaməddin Orduxanlının bütün nəsli Heydər Əliyevin çağırışı ilə bu dövləti qoruyanda, vuruşanda, həmin adamların çoxu isti yataqlarında mışıl-mışıl yatırdılar. Amma bu adamlar öz vəzifələrini təmannasız yerinə yetirmədilər.
Belə çıxır ki, indi Əvəz Zeynallı kimi gərək bu məsələlərin hamısına Prezident göstəriş verə, ondan sonra bu adamların öz hüquqlarından istifadə etməyinə imkan yaradıla? Hörmətli sədr, mənim sizdən bir xahişim var, çox xahiş edirəm, siz, Baş Prokurorla əlaqə saxlayın, məndə olan məlumata görə, Ədliyyə Nazirliyində bütün aşağı səviyyəli orqanların səlahiyyətləri əlindən alınıb, orada hamıya oğru gözü ilə baxırlar və aşağı orqanlara, idarələrə öz vəzifələrini yerinə yetirməyə imkan vermirlər. Baş Prokurorluq burada qanunçuluğun vəziyyətini araşdırmalıdır, həm də bu faktı araşdırmalıdır ki, niyə vətəndaş təkidlə tələb edir, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini dəfələrlə müraciət edir, amam heç bir addım atılmır. Mən onun mobil telefonuna da müarcəit etsəm də, heç bir addım atılmadı. Və bu adam həbsxanada dünyasını dəyişdi. Ona imkan yaradılmadı ki, o, ailəsinin arasında dünyasını dəyişsin. Vaxtınızı aldım, diqqətinizə görə çox sağ olun. Amma bu, vətəndaşlarımızla, onların hüquqları ilə bağlı məsələ olduğuna ona görə, bu məsləyə toxundum”.