ABŞ ordusu Meksika ilə sərhəddə yeni hərbi xətt qurur

🗓 04.07.2025 16:00 ✍️ "Elçi" qəzeti
ABŞ ordusu Meksika ilə sərhəddə yeni hərbi xətt qurur

ABŞ ordusu Meksika sərhədi boyunca minlərlə "məhdudiyyətli giriş-çıxışa malik hərbi zonalar yaradaraq, sərhədi pozmaq qadağandır" nişanı yerləşdirib.
Elchi.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Sean Parnell ölkənin cənubundakı hərbi varlığını artırmaq üçün Meksika sərhədinin təxminən üçdə birini əhatə edəcək yeni hərbi zonaların elan edildiyini açıqlayıb.
Parnell jurnalistlərə bildirib ki, Arizona ştatında Barry M. Goldwater Hərbi Hava Qüvvələri Təlim Bölgəsi yaxınlığında təxminən 225 kilometr federal ərazi və Texasın cənubundakı Rio Grande boyunca 400 kilometrlik ərazi hərbi nəzarətə götürülüb.
Sözçü Parnell bildirib ki, hərbi zonaların genişləndirilməsi sərhəddə insan alveri şəbəkələri və narkotik kartelləri ilə mübarizədə “təhlükəsizlik boşluqlarını aradan qaldırmaq” məqsədi daşıyır.
ABŞ-ın sərhəddə tam nəzarətin qurulması istiqamətində "fövqəladə irəliləyiş" əldə etdiyini bildirən Parnell, bu istiqamətdə səylərin qətiyyətlə davam edəcəyini bildirib.


Yerli əhali hərbi zona elan olunmasından narahatdır

Hərbi zonaların genişləndirilməsi Konqresin icazəsi olmadan ABŞ ərazisində hərbi daxili təhlükəsizlik səlahiyyətinin verilməsi ilə nəticələndiyi üçün məhkəməyə verilsə də, hərbi zonalar elan edilmiş ərazilərdə yaşayan sakinlər, gəzintiçilər və ovçular onların ictimai torpaqlara girişinin bağlanmasından narahatdırlar.
Nyu Meksiko Vəhşi Təbiət Federasiyasının icraçı direktoru Rey Trejo, "Tüfəngimlə ova çıxanda əsgərlərlə qarşılaşmaq istəmirəm. Bu, gərginliyə səbəb ola bilər" - deyib.
Vətəndaş cəmiyyəti təşkilatları isə bu təcrübənin miqrantlara təsirinə diqqət çəkir və əhaliyə qapalı ərazilərdə, xüsusilə də səhra istilərində itmiş miqrantların axtarışlarının qarşısı alınacağı ilə bağlı xəbərdarlıq edir.

 

Nuranə Məmmədova

 

Bənzər yazılar