Qazaxıstan Konstitusiyasına dəyişikliklərlə məşğul olan işçi qrup ölkənin birinci prezidenti Nursultan Nazarbayevə “Müstəqil Qazaxıstanın qurucusu” statusunun verilməsi imkanını nəzərdən keçirir.
Elchi.az-ın məlumatına görə, bu barədə NUR portalı xəbər verir.
“Qazaxıstan Respublikasının birinci Prezidenti müstəqil Qazaxıstanın qurucusudur, yəni bu status müəyyənləşəcək. Düşünürəm ki, bu statusun böyük əhəmiyyəti olacaq, çünki həmin məziyyətlər, mövcud olan obyektiv fakt Konstitusiyada təsbit olunacaq”, – deyə işçi qrupunun üzvü Ermek Abdrasulov bildirib.
1991-ci ildən dövlət başçısı vəzifəsini icra edən Nursultan Nazarbayev 2019-cu ilin martında prezident vəzifəsindən istefa verib. Eyni zamanda, siyasətçiyə xalq lideri statusu verilib (bu barədə ayrıca qanun var) və Qazaxıstan Konstitusiya Şurasının üzvü olaraq qalır. Nazarbayev 2022-ci ilin yanvarında keçirilən etiraz aksiyaları zamanı Qazaxıstan Təhlükəsizlik Şurasının sədri postunu hazırkı prezident Kasım-Jomart Tokayevə təhvil verib.