Avropanın bəzi əsas müdafiə gücləri və ABŞ müttəfiqləri – o cümlədən Böyük Britaniya, Fransa və Baltikyanı ölkələr – NATO məsələlərinin müzakirəsi məqsədilə Pentaqonun təşkil etdiyi toplantıya dəvət olunmayıblar.
Elchi.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat verib.
Nəşrin qeyd etdiyi kimi, ABŞ administrasiyası gələn ay keçirilməsi nəzərdə tutulan NATO üzvlərinin toplantısından bir sıra əsas müttəfiqləri kənarda saxlayıb. Vaşinqton daha əvvəl ABŞ-ın prioritetlərini pozub-pozmadıqlarına əsaslanaraq hökumətlərin “yaxşı” və “pis” siyahısını tərtib edəcəyi ilə hədələmişdi.
Altı diplomatın məlumatına görə, Pentaqonun siyasət üzrə yüksək vəzifəli rəsmisi Elbric Kolbinin təşəbbüsü ilə Polşada keçirilməsi planlaşdırılan görüş, mahiyyət etibarilə NATO-nun gələcəyinə həsr olunmuş bir işçi qrupudur. Bununla belə, Böyük Britaniya, Fransa və Baltikyanı ölkələr kimi dəvət almayan bir çox dövlət müdafiəyə külli miqdarda vəsait ayırır və alyansda mühüm rol oynayır; nəşrin qeyd etdiyi kimi, bu vəziyyət həmin ölkələrin diplomatlarında belə bir sual doğurur: görəsən, administrasiya artıq çətinliklərlə üzləşən alyansı daha da parçalaya biləcək bir qərəzli mövqe sərgiləyirmi?
“Bizdən tələb olunan hər şeyi edirik. Bu görüşlərin meyarlarını və məqsədini anlamağa çalışırıq. İndiyədək bizə çox az məlumat verilib”, – deyə iştirakçılar siyahısından kənarda qalan müttəfiq ölkələrdən birinin nümayəndəsi bildirib.
Daha əvvəl ABŞ-ın müdafiə naziri Pit Heqset amerikalı milyarder İlon Maskın Pentaqonun yeni bir qurumunun rəhbərliyinə qoşulacağını açıqlamışdı. Onun sözlərinə görə, qurum gələcək müharibə üsullarının öyrənilməsi ilə məşğul olacaq bir bölmə yaradacaq.
Yeganə





















