İsrail Tehrana hava zərbəsi endirib: Raket istehsalı obyektləri hədəfə alınıb

🗓 18.06.2025 11:29 ✍️ "Elçi" qəzeti
İsrail Tehrana hava zərbəsi endirib: Raket istehsalı obyektləri hədəfə alınıb

İsrail ordusu İranın paytaxtı Tehran ətrafındakı nüvə sentrifuqa və raket istehsalı obyektlərinə geniş hava zərbələri endirib.
Elchi.az xəbər verir ki, ordunun bəyanatında İrandakı çoxsaylı silah istehsalı müəssisələrinin də hədəfə alındığı iddia edilib.
Son bir neçə saat ərzində 50-dən çox təyyarənin Tehran və ətrafında “kəşfiyyata əsaslanan bir sıra hücumlar” həyata keçirdiyini bildirən açıqlamada İran paytaxtında uranın zənginləşdirilməsində istifadə edilən sentrifuqa istehsalı müəssisəsinin hədəfə alındığı qeyd edilib.
Bu çərçivədə İranın raket tutumuna yönəlmiş yer-yer tipli raketlərin yığılması üçün xammal və komponentlərin istehsal edildiyi obyektə, hava hücumundan müdafiə raket komponentləri istehsal edən obyektə və bəzi silah istehsal edən obyektlərə hücumların təşkil edildiyi iddia edilib.
İsrailin İrana şiddətli hücumları ilə başlayan münaqişə
İsrail iyunun 13-də İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə ordunun yüksək komandanlığını, eləcə də hərbçiləri hədəfə alaraq geniş hücumlara başlayıb.
Hücumlarda İran Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olub, mülki itkilərin ümumi sayı isə 224 olaraq açıqlanıb.
İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.

Şayəstə Hüseynova

Bənzər yazılar