Telegram messencerində Amerika dövlət qurumlarının məxfi sənədlərinin alqı-satqısının həyata keçirildiyi “rus hakerləri” ilə əlaqəli kanallar da var. Bu barədə öz araşdırmasını aparan “Financial Times” qəzeti yazır.
Elchi.az xəbər verir ki, FT-nin məlumatına görə, müəyyən bir haker qəzet nümayəndəsinə FTB əməkdaşlarının adları olan məlumat bazası, ABŞ döyüş təyyarələrinin idarə edilməsinə dair məxfi sənədlər, eləcə də ABŞ-ın bütün ştatlarının polis idarələrindən sənədlər almağı təklif edib.
Kibercinayətkarlıq kanalı ABŞ dövlət sirlərinin “parollar, xüsusi proqram təminatı və ya qaranlıq internet haqqında hər hansı məlumat olmadan” alına biləcəyi yerlərdən biri oldu.
FT bu Telegram kanallarında başqa şeylərlə yanaşı, ABŞ Hərbi Hava Qüvvələrinin əsgəri Cek Teyşeyranın sızdırdığı gizli Pentaqon sənədlərini, habelə hüquq-mühafizə orqanları ilə İT nəhəngləri arasında şəxsi yazışmaları tapa bilib.
FT-yə müsahibə verən ABŞ diplomatlarından biri bu kanalları “aysberqin görünən hissəsi” kimi təsvir edib. Onun sözlərinə görə, hətta köhnəlmiş məxfi sənədlər də böyük dəyərə malikdir, çünki onlar “ölkə öz problemlərini necə həll edir, təhdidlərə necə yanaşır, insanları necə öyrədir” haqqında təsəvvür yaradır.
Şayəstə Hüseynova